29 dekabr 2008

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu  sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

 

Dekabrın 29-da Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak edib, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşüb. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət ediblər, onlarla şəkil çəkdiriblər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

-Əziz uşaqlar, hörmətli müəllimlər və valideynlər! Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq biz bu il də “Gülüstan” sarayında ötən illə vidalaşırıq və yeni – 2009-cu ili qarşılayırıq. Yeni il ailəvi bayramdır və mən çox şadam ki, bu bayramı biz birlikdə, böyük, mehriban ailə kimi qeyd edirik.

 

Ötən ilə nəzər salsaq görərik ki, ölkəmizdə bir çox mühüm hadisələr baş vermiş, bir çox nailiyyətlər əldə olunmuşdur. Ölkəmizin – Azərbaycanın inkişafı davam edir. Şəhərlərimiz, kəndlərimiz abadlaşır, gözəlləşir. Paytaxtımıza nəzər salsaq görərik ki, nə qədər gözəlləşibdir. Yeni yollar, geniş prospektlər, körpülər salınır, yeni parklar açılır, səhiyyə və idman mərkəzləri inşa olunur və istifadəyə verilir, yeni məktəblər, uşaq bağçaları tikilir, mədəniyyət abidələri, tarixi abidələr bərpa olunur. Bir çox yeni mədəniyyət ocaqları inşa olunub, istifadəyə verilib, Heydər Əliyev Sarayı bərpa olunub, Muğam Mərkəzi, Qala Etnoqrafiya Muzeyi yaradılıb və sair.

 

2008-ci ildə Heydər Əliyev Fondu da öz fəaliyyətini davam etdirmiş, bir çox işlər görmüşdür. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizdə yeni məktəblərin tikintisi davam edir. Bir sıra uşaq bağçası tikilib istifadəyə verilmişdir. Uşaqlar üçün yay düşərgələri tikilir və istifadəyə verilir. Biz həmişə olduğu kimi, uşaq evləri və internat məktəblərində tərbiyə olunan uşaqların problemlərini daim diqqət mərkəzində saxlamağa çalışmışıq. Əgər 5 il bundan əvvəl Heydər Əliyev Fondu öz fəaliyyətinə başlayanda bizim əsas gücümüz uşaq evlərinin, internat məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlmişdisə, bu gün artıq demək olar ki, bütün məktəblər çox gözəl vəziyyətdədir, yenidən təmir olunmuş, çoxu yenidən qurulmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Bu gün bizim diqqətimiz bu müəssisələrdə təhsilin səviyyəsinə, təhsilin şəraitinə yönələcəkdir. Biz istəyirik ki, uşaqlarımız dünyanın ən yüksək standartlarına cavab verən təhsil alsınlar, biliyə malik olsunlar.

 

Hesab edirəm ki, uşaqlıq həyatın ən gözəl dövrüdür. Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz sizləri – bizim uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ həyatınızın başlanğıcındasınız. Hər birinizin qarşınızda böyük yol, böyük həyat var. Bu həyatda, bu yolda sevinclə, xoş anlarla, qələbələrlə yanaşı, sizi çətinliklər də, problemlər də gözləyir. Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək istəyirik ki, sizə elə tərbiyə vermək istəyirik ki, sabah əsl insan, əsl vətəndaş, əsl şəxsiyyət olasınız.

 

Siz yəqin bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunmuşdur. Bu, o deməkdir ki, uşaqlara olan diqqət bir az da artmalıdır. Mən bu gün uşaq problemləri ilə məşğul olan bütün dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, cəmiyyətimizin hər bir vətəndaşına üz tutub deyirəm ki, uşaqlara daha da diqqətlə, daha da ürəklə, daha da məhəbbətlə yanaşmalıyıq. Yenə də deyirəm, bu, hər bir insanın borcudur. Çünki bizim uşaqlar bu günümüz, Azərbaycanın sabahıdır, Azərbaycanın gələcəyidir.

 

Əziz dostlar, mən sizin hamınızı Yeni il bayramı, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni ildə cansağlığı, yeni uğurlar və qələbələr arzulayıram.

 

Çox sağ olun.


Xəbərə keçid