15 sentyabr 2011

Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres


Sentyabrın 15-də Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak etmişdir.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış etdi.


Mehriban Əliyevanın çıxışı:


- Əlahəzrət Şahzadə,


Zati-aliləri,


Xanımlar və cənablar!


Mən çıxışıma 7-ci Beynəlxalq Terror qurbanları Konqresində iştirak etmək üçün səmimi dəvətə görə Fransa Terror qurbanları Assosiasiyasına və onun baş direktoru Qiyyom dö Sen Marka təşəkkürümü bildirməklə başlamaq istərdim.


Bu mühüm tədbir terror bəlasına qarşı mübarizədə və onun dəhşətli nəticələrinin aradan qaldırılmasında dünyanın üzləşdiyi çağırışların təfərrüatla nəzərdən keçirilməsi üçün olduqca münasib fürsətdir. Əslində, biz terror qurbanlarına lazımi qayğı ilə yanaşmasaq, onunla mübarizədə qalib gəlmək mümkün olmaz. Təbii ki, terror aktları qurbanlarının çəkdiyi əziyyətlərin qarşısının alınmasına yönəlmiş səylər diqqət mərkəzində olmalıdır.


Dövlətlər, qeyri-dövlət qurumları və bütövlükdə vətəndaş cəmiyyəti cəmiyyətlərimizin bu cür olduqca zəif təbəqəsinə mənəvi, maddi, tibbi, məsləhətçi və digər formada dəstək və yardımın göstərilməsində öz səylərini artırmalıdırlar. Onlara, həmçinin öz hüquqları izah edilməklə və təcrid olunma hisslərinin azaldılması məqsədi ilə üzləşdiyi problemlərə ictimai diqqəti yönəldərək yardım etməliyik. Qurbanlara yardım əli uzadılmalıdır ki, onlar çəkdikləri əzablara tab gətirməyə güc tapsınlar. Onları əmin edirik ki, bu insanların başına gələnləri biz heç vaxt unutmayacağıq.


Əminəm ki, 35-dən artıq ölkədən, o cümlədən Azərbaycandan gəlmiş və dünyanın bütün yerlərini təmsil edən böyük sayda iştirakçılar daha faydalı və məzmunlu şəkildə fikir mübadiləsi aparmaq imkanından yararlanacaqlar. İnanıram ki, tədbirin ən böyük faydası bir tərəfdən qərarları qəbul edənlər, digər tərəfdən isə terror qurbanları və vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoq və qarşılıqlı fəaliyyətdən irəli gələcək. Bu, həmçinin öz fərdi təcrübəsi ilə bölüşmək, tanış olmaq və üzləşdikləri çağırışların aradan qaldırılması yollarını araşdırmaq üçün nadir fürsətdir.


Hörmətli iştirakçılar,


Terrorçuluq bütün dövlətlərə və xalqlara hədədir. O, təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir. Terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz.


Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmamış və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz hərbi təcavüz və xaricdən işğal ilə üzləşmişdir. Ölkəmizdə 30-dan artıq terror aktı törədilmiş və nəticədə, 2000-dən çox soydaşımız qətlə yetirilmişdir.


Bir neçə gün öncə onuncu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşuldu və terrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi.


Hamımız bilirik ki, terrorçuluğun universal xarakterini nəzərə alaraq, fərdi qaydada göstərdiyimiz səylərin uğurlu olması apardığımız beynəlxalq əməkdaşlığın keyfiyyətindən asılıdır. Bu baxımdan, mən qurbanların üzləşdiyi problemlərin həllində birgə tədbirlərin görülməsində yardımçı olacaq Terror Qurbanları Beynəlxalq Assosiasiyasının yaradılması ideyasını bütövlüklə alqışlayıram. İnanıram ki, Fransanın təcrübəsi əsasında bu yaxınlarda yaradılmış və təmsilçiləri bu gün aramızda olan Azərbaycan Terror qurbanları Assosiasiyası gələcək uğurlara töhfə verəcəkdir.


Sonda belə bir tarixi toplantıdakı müzakirələrə böyük müvəffəqiyyətlər arzulayır və sizi əmin edirəm ki, Azərbaycan terror qurbanlarına aid olan məsələlərin həllinə yönəlmiş beynəlxalq səylərə davamlı dəstəyini göstərəcəkdir.


Diqqətinizə görə minnətdaram.