15 sentyabr 2011

Parisin 7-ci rayonunun meriyasının binasında Azərbaycana həsr olunmuş sərginin açılışı


Sentyabrın 15-də Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərgi açılmış, ölkəmizin incəsənət ustaları maraqlı və geniş konsert proqramı ilə çıxış etmişlər.


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tədbirlərdə iştirak etmişdir.

 

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

 

Mehriban Əliyeva mərasimdə çıxış etmişdir.

 

Mehriban Əliyevanın çıxışı:

 

- Xanımlar və cənablar!

 

Hörmətli qonaqlar!

 

Əziz dostlar!

 

İlk növbədə mən sizi səmimi qəlbdən salamlayıram və bu gün, bu axşam bizimlə olduğunuza görə dərin minnətdarlığımı bildirirəm. Bugünkü tədbir Heydər Əliyev Fondu ilə Paris şəhərinin 7-ci rayonunun meriyasının birgə səyləri nəticəsində həyata keçirilir. Mən 7-ci rayonun meri xanım Rəşidə Datiyə bu dəstəyə, əməkdaşlığa, həmçinin mənim fəaliyyətim haqqında dediyi sözlərə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

 

Bu əməkdaşlığın davamı olaraq sabah Parisdə “Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Bu gün Avropa İttifaqı Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır və Azərbaycan Avropanın neft və qazla təmin olunmasında öz rolunu oynamağa hazırdır.

 

Əziz dostlar, Azərbaycan bu gün Cənubi Qafqaz bölgəsində aparıcı dövlətdir. Ölkəmiz yüksək sürətlə inkişaf edir və bu inkişaf bütün sahələrdə hiss olunur. İqtisadi artım sürətinə görə Azərbaycan bir neçə ildir ki, dünyanın ən qabaqcıl ölkələrindən biridir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Regionda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşır.

 

Təbii ehtiyatlarımız, neft və qaz kəmərlərimiz, qeyri-neft sektorunun yüksəlişi, yeni irimiqyaslı infrastruktur layihələri inkişafımızı təmin edir. Neft sektorunun gəlirləri sosial problemlərin həllinə də yönəldilir. 2003-cü ildən bəri ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşüb.

 

Bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. 1991-ci ildən ölkəmiz dünya birliyinə, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Bu seçimi edərkən biz tarixi ənənələrimizə əsaslanmışdıq. Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlament respublikası olmuşdur. Həmin dövrdə - XX əsrin əvvəllərində o zaman üçün çox mütərəqqi, qabaqcıl olan ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan qadınları səsvermə hüququ qazanmışdır, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, ölkədə çoxlu partiyanı və milli azlıqları təmsil edən parlament fəaliyyətə başlamışdır. Şərqin ilk opera və baleti yazılmışdır. Baxmayaraq ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, bu ənənələr Azərbaycanın müasir tarixində də öz təsirini göstərir.

 

Müstəqilliyimizin ilk illərindən Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri qurulub. Həm dövlət, həm qeyri-dövlət qurumları arasında, biznes sektorunda işgüzar əlaqələr yaradılıb. Fransanın irimiqyaslı şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Bu yaxınlarda “Total” və “Gas de France” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda yeni qaz yatağı aşkar edib. Bu, həm Azərbaycanın enerji potensialını gücləndirəcək, həm də Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

 

Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransa artıq 20 ilə yaxındır ki, Minsk qrupu çərçivəsində öz səylərini göstərir. Əfsuslar olsun ki, münaqişə hələ ki, öz həllini tapmayıb, Azərbaycan torpaqları işğal altındadır, ölkədə qaçqınlar və məcburi köçkünlər mövcuddur. Ümidvarıq ki, bu münaqişə yaxın gələcəkdə beynəlxalq hüquq normalarına əsasən öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün insanlar doğma yurdlarına qayıdacaqlar. Bu, həm Azərbaycanda, həm də bütövlükdə regionda sülhü və təhlükəsizliyi gücləndirəcəkdir.

 

Ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində çox uğurlu əməkdaşlıq qurulub. Ölkəmizdə mütəmadi şəkildə Frankofoniya günləri keçirilir. Bu il paytaxtımızda fransız məktəbinin inşasına başlanılacaqdır. Gələn il Azərbaycanın paytaxtında - Bakıda Fransanın incəsənətini əks etdirən “Le plaisir de France” sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Fransanın paytaxtında və digər şəhərlərində Azərbaycanın mədəniyyətini təqdim etmək üçün müxtəlif konsertlər, sərgilər və festivallar keçirilir. Bu yaxınlarda Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır.

 

Biz hamımız yaxşı bilirik ki, mədəniyyət xalqların ünsiyyət, anlaşma quruluşunda müstəsna rol oynayır. Mədəniyyət insanları dini və milli mənsubiyyətindən asılı olmayaraq bir araya gətirir, birləşdirir. Bu isə bizim bugünkü mürəkkəb dünyamızda ən vacib amillərdən biridir. Mən ümidvaram ki, bugünkü axşam da həmin amillərə xidmət edir.

 

Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıq. Fransa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Fransanın incəsənəti, ədəbiyyatı, musiqisi, rəssamlıq məktəbi, tarixi və memarlıq abidələri əsrlər boyu yüksək mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzi olub. Bu ümumbəşəri dəyərlər əbədidir. Fikrimcə, hər bir cəmiyyət ilk növbədə bu dəyərlər əsasında qurulub yaşamalıdır.

 

Əziz dostlar, sonda mən ölkəmizlə daha yaxından tanış olmaq üçün sizin hamınızı Azərbaycana dəvət edirəm.

 

Mən sizə və sizin yaxınlarınıza uğurlar, xoşbəxtlik və məhəbbət arzulayıram. Diqqətinizə görə çox sağ olun.