16 sentyabr 2011

Parisdə “Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda Beynəlxalq konfrans


Sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində “Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.


Konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Beynəlxalq konfransda çıxış etdi.

 

Mehriban Əliyevanın çıxışı:

 

- Hörmətli xanımlar və cənablar!

 

Əziz dostlar!

 

Əvvəlcə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun gücləndirilməsinə həsr olunmuş bu konfransda sizi salamlayır, sizə təşəkkürümü bildirirəm. Mən, həmçinin bugünkü tədbirin təşkilinə verdiyi bütün dəstəyə görə hörmətli dostumuz xanım Rəşidə Datiyə də minnətdarlığımı bildirirəm.

 

İcazə verin çıxışımın əvvəlində bildirim ki, Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu.

 

İyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar.

 

1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.

 

Həmin vaxtdan etibarən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 20 müxtəlif ölkəni təmsil edən 53 beynəlxalq enerji şirkəti ilə 32 Pay Bölgüsü Sazişini imzalamışdır. Xarici şirkətlərin Azərbaycanın neft və qaz sektoruna yatırdığı sərmayələrin ümumi həcmi 44 milyard ABŞ dollarına çatır.

 

Hazırda Azərbaycan gün ərzində təxminən 1 milyon barrel neft və ildə 30 milyard kubmetrə yaxın qaz hasil edir.

 

Təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaqdır. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoyub. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımızı müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarır.


Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

 

Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik.

 

Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.

 

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir.

 

Avropanın mərkəzi gözəl Paris şəhərində keçirilən bu konfransda mən Fransanın “Total” və “Qaz de Frans” enerji şirkətlərini Xəzər dənizinin Azərbaycan sektorunda yeni “Abşeron” qaz yatağının uğurlu kəşfi münasibətilə təbrik etmək istərdim. Bu hadisə bir neçə gün öncə açıqlandı və yeni yataq Azərbaycanın enerji potensialını, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirəcəkdir.

 

2011-ci il yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalandı. Ümidvarıq ki, yaxın zamanlarda Azərbaycan qazı Avropa qaz bazarına çıxarılacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da möhkəmlənəcəkdir.

 

Mən bütün konfrans iştirakçılarına uğurlar arzulayıram.

 

Diqqətinizə görə minnətdaram.