29 sentyabr 2011

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Berlində keçirilimiş mərasim

Sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

 

Mehriban Əliyevanın çıxışı:

 

- Hörmətli birinci xanım!

 

Hörmətli qonaqlar, xanımlar və cənablar!

 

Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş axşamda sizi səmimi qəlbdən salamlayıram, sizə “Xoş gəlmisiniz!” deyirəm. Mən xanım Bettina Vulfa bu gün bizimlə olduğuna görə, ölkəmiz haqqında və şəxsən mənim haqqımda deyilən sözlərə görə dərin minnətdarlığımı bildirirəm.

 

Bugünkü axşam Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Məqsədimiz Azərbaycanın keçmişini və bu gününü, tarixini və mədəniyyətini, 20 il ərzində əldə edilən uğurlarını dünya ictimaiyyətinə tanıtmaqdır.

 

1991-ci ildən Azərbaycan dünya birliyinə - azadlıq, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycanın tarixi kökləri qədimlərə gedib çatır. Cənubi Qafqazda – Xəzər dənizinin sahillərində ilk dövlətlər hələ eramızdan əvvəl II-I minilliklərdə yaradılmışdır. Şərqin ən qədim sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində formalaşmışdır. Tarixi İpək Yolu üzərində, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq mədəniyyətinin təsiri altında formalaşmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olmuşdur, xalqımız tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir.

 

Bu gün də müstəqil ölkə kimi biz gələcəyimizi köklərimizə və ənənələrimizə əsasən qururuq. Hələ 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik parlament respublikası olmuşdur. O dövrdə Azərbaycan müsəlman dünyası üçün, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışlar, ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərirdi, Şərqin ilk opera və baleti yazılmışdı.

 

Əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu. Gənc respublika ciddi geosiyasi problemlərlə üzləşdi və bu amillərin, bu problemlərin arasında Bakı neftinə olan marağın artması da mühüm rol oynadı. Nəticədə hərbi intervensiya yolu ilə ölkəmizdə sovet hakimiyyəti quruldu, Azərbaycan müstəqilliyini itirdi. Yetmiş ildən çox xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşmişdir. Lakin eyni zamanda, bu dövrdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, təhsil şəbəkəsi yarandı, orta və ali məktəblər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı.

 

Nəhayət, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı öz torpağına, öz ölkəsinə, öz taleyinə sahib oldu. Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasi və iqtisadi sistem qurub sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır.

 

Son illər iqtisadi templərin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qaz ilə təminatında öz rolunu oynamağa hazırdır.

 

Bu gün inkişaf ölkəmizin bütün sahələrini əhatə edir. Qeyri-neft sektoru yüksəlir, böyük, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, paytaxtımızın və başqa şəhərlərimizin siması dəyişir. Təkcə bu il ərzində paytaxtımızda – Bakıda beşulduzlu beş yeni otelin açılışı gözlənilir. Bu da ölkəmizə ildən-ilə artan marağın sübutudur.

 

Bizim ən böyük sərvətimiz mədəni irsimizdir, Azərbaycanın xalçaçılıq məktəbi, təsviri sənəti, ədəbiyyatı, musiqisi, tarixi və memarlıq abidələridir. Bu gün ölkədə xüsusi Dövlət Proqramına əsasən teatrlar və muzeylər bərpa olunur, yeni mədəniyyət mərkəzləri açılır, abidələr dövlət tərəfindən qorunur.

 

Azərbaycanda bu gün sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bu günədək ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enibdir.

 

Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmayan ağır problemin mövcudluğu şəraitində əldə edibdir. Bu gün ölkəmizdə 1 milyon məcburi köçkün və qaçqın var və torpaqlarımızın 20 faizi işğal altındadır. Ümidvarıq ki, yaxın gələcəkdə bu münaqişə ədalətli, sülh yolu ilə həllini tapacaq və hər bir qaçqın, hər bir məcburi köçkün doğma yurduna qayıdacaqdır.

 

Bu gün Azərbaycan Avropa İttifaqı ilə, onun üzvü olan ölkələrlə əməkdaşlığını genişləndirir və möhkəmləndirir. Bu ölkələrin arasında əsas tərəfdaşlarımızdan biri olan Almaniya ilə də münasibətlər çox mühüm yer tutur. Bu münasibətlərin uzun tarixi vardır. Almanlar ölkəmizə hələ əvvəlki əsrlərdə gəlmiş və məskunlaşmışlar. Hələ o zamanlar Almaniyanın məşhur iş adamları Azərbaycanda fəaliyyət göstərirdilər. Bu gün də ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəniyyət sahələrində əlaqələr uğurla inkişaf edir. Müxtəlif sahələrdə ikitərəfli proqramlar həyata keçirilir, yüzlərlə azərbaycanlı tələbə Almaniyanın aparıcı universitetlərində təhsil alır, Almaniyanın iri şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ümidvaram ki, bugünkü axşam da dostluq əlaqələrimizə, bu əlaqələrin güclənməsinə öz töhfəsini verəcəkdir.

 

Əziz qonaqlar, bu gün biz sizin diqqətinizə Azərbaycanın qədim və zəngin mədəniyyətinin kiçik bir hissəsini təqdim edəcəyik. Mədəniyyət insanları onların dini və milli mənsubiyyətindən asılı olmayaraq birləşdirir, dialoq və anlaşmaya xidmət edir. Bu isə, fikrimcə, bugünkü mürəkkəb dünyada ən vacib amillərdən biridir.

 

Sonda əziz dostlar, mən bir daha “Eurovision” musiqi müsabiqəsində bizim iki istedadlı gəncimizə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbəni biz Azərbaycanda gözləyirdik və əlbəttə, bununla çox fəxr edirik. Siz keçən “Eurovision” müsabiqəsinin qalib ölkəsi kimi yəqin ki, bizim hisslərimizi yaxşı anlayırsınız.

 

Əziz dostlar, fürsətdən istifadə edərək, sizi ölkəmizə dəvət edirəm. Bu axşam bizimlə olduğunuza görə sizə bir daha öz dərin təşəkkürümü bildirirəm, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.


Xəbərə keçid