01.JPG
15 sentyabr 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Masazır qəsəbəsində yeni məktəb binası istifadəyə verilib

Sentyabrın 15-də - “Bilik günü”ndə Masazır qəsəbəsində yeni inşa olunmuş 500 şagird yeri olan 3 nömrəli orta ümumtəhsil məktəbinin binası istifadəyə verilib.

 

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bu gün ölkəmizdə bir sıra məktəb binalarının istifadəyə verildiyini söyləmişdir. O demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-2009-cu illərdə ölkəmizdə 300-ə yaxın məktəb tikilmişdir.

 

Fondun təhsil sahəsində layihələrə böyük əhəmiyyət verdiyini deyən A.Ələkbərov, 2010-cu ildən etibarən bu məktəbdə oxuyan şagirdlər üçün xüsusi tədbirlər planının nəzərdə tutulduğunu söyləmişdir. Heydər Əliyev Fondunun icraçı direktoru məktəbin inşasında böyük əməyi olmuş sahibkar hacı Məhərrəm Novruzova minnətdarlığını bildirmişdir.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son üç ildə rayonda 13 məktəbin istifadəyə verildiyini, daha iki tədris korpusunun inşa edildiyini diqqətə çatdırmışdır.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda artıq 5 məktəbin istifadəyə verildiyini söyləyən icra başçısı, bu xeyirxah missiyanı həyata keçirdiyi üçün Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Məlumat verilmişdir ki, yeni məktəbdə şagirdlərin təlim–tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olacaqdır. Məktəbin 31 sinif otağı təhsilin keyfiyyətli aparılması üçün hər cür ləvazimatla təmin edilmişdir.

 

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompyuter, fənn otaqları, ən müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika laboratoriyaları vardır. Məktəbin ərazisində böyük futbol meydançası tikilmişdir.

 

Hazırda məktəbin uşaq bağçası və musiqi məktəbi inşa olunur. Yaxın gələcəkdə üzgüçülük hovuzu inşa ediləcəkdir.

 

Açılışı bildirən lent kəsildikdən sonra Fondun icraçı direktoru Anar Ələkbərov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəb ilə tanış olmuş, yeni dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etmişlər.


FOTO