SHAMKIR-HEYDAR ALIYEV FONDU-MAKTAB BINASI.JPG
17 sentyabr 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəmkirdə orta məktəb binası istifadəyə verilib

Sentyabrın 17-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 490 yerlik orta məktəb binasının açılışı olmuşdur.

 

Bu münasibətlə keçirilən mərasimdə təhsil ocağının direktoru İradə Əliyeva çıxış etmiş, qəza vəziyyətində olan binanın yerində gözəl və müasir ikimərtəbəli məktəb ucaldan Heydər Əliyev Fonduna, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya kollektiv adından minnətdarlığını bildirmişdir.

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai-siyasi fəaliyyəti ilə milli dövlətçilik tariximizin silinməz səhifələrini yazan Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən söz açmışdır. Demişdir ki, yaradıldığı vaxtdan təhsilimizin və mədəniyyətimizin keşiyində dayanan Fond respublikamızda 300-dən artıq orta məktəb binası istifadəyə vermiş, yeni mədəniyyət və tibb ocaqlarının inşasını həyata keçirərək əhalinin sosial problemlərinin həllində fəal mövqe tutmuşdur. Fond nəinki ölkə daxilində, eləcə də bir çox xarici dövlətlərdə də xeyriyyə tədbirləri görmüşdür. Pakistanda baş vermiş zəlzələdən sonra qızlar üçün tikilən 650 yerlik orta məktəb binasını misal gətirən natiq bu işlərin indi də davam etdirildiyini bildirmişdir.

 

Anar Ələkbərov Çinarlı məktəbinın açılışının müqəddəs Ramazan bayramı ərəfəsində həyata keçirildiyini də diqqətə çatdırmış, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından bütün şəmkirliləri təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Şəmkir rayon İcra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək yeni dərs ilini müasir standartlara cavab verən və hər bir avadanlıqla təchiz olunmuş məktəbdə başlayan kollektivi təbrik etmiş, bu sevinci onlara bəxş edən Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

 

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar. Mərkəzləşmiş istilik sistemi olan tədris ocağında yaradılan fənn kabinetləri, laboratoriyalar, 2 mindən artıq ədəbiyyat fondu olan kitabxana, akt zalı, tibb otağı, bufet, idman zalı onlarda xoş ovqat yaratmışdır.


FOTO