02.JPG
5 noyabr 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş “Fənn olimpiadası”nın qalibləri mükafatlandırılıblar

Noyabrın 5-də Zirə qəsəbəsinin məktəbliləri arasında “Fənn olimpiadası” keçirilmişdir.

 

Zirə mədəniyyət evində Heydər Əliyev Fondunun dəstəyi, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsi və Əzizbəyov Rayon İnkişaf Fondu tərəfindən “Təhsilə dəstək” layihəsi çərçivəsində təşkil edilmiş olimpiadada qəsəbənin 120, 241 və 324 nömrəli məktəblərinin şagirdləri iştirak etmişlər. Şagirdlər Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə biliklərini nümayiş etdirmişlər.

 

Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqamətini təşkil edir.

 

Təkcə son illər bu sahədə Fondun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır. Zirə qəsəbəsində təşkil olunan olimpiada da bu qəbildən olan işlərin tərkib hissəsidir.

 

Yarışmada 8-11-ci siniflərdən 80-dən çox şagird iştirak etmişdir. Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin nümayəndələri bildirmişlər ki, ilk dəfə qəsəbədə keçirilən belə tədbir orta məktəb şagirdlərinin biliyini, onların qəbul imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq baxımından əhəmiyyətlidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə səyləri yüksək qiymətləndirilmişdir.

 

İki saatdan çox davam edən olimpiadanın yekununda 16 şagird qalib elan olunmuşdur. Fərqlənmiş hər bir şagird televizor və diplomlarla mükafatlandırılmışdır.


FOTO