10 dekabr 2009

Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb

Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatmışdır.


Dekabrın 10-da “Buta” sarayında olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

 

On beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak etmişlər.

 

Heydər Əliyev Fondunun, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən olimpiadada dünyanın 5 qitəsindən 258 şagird 30 sualdan ibarət test, nəzəri və təcrübi tapşırıqları cavablandırmışdır. Cavabları olimpiadanın Elm Komitəsi tərəfindən seçilən 18 təcrübəli müəllim yoxlamışdır.

 

Tədbir iştirakçıları olimpiadanın gedişini əks etdirən videofilmə baxmışlar.

 

Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, ölkəmizdə olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilmişdir.

 

Nazir demişdir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir.

 

Bildirilmişdir ki, bu tədbirin Azərbaycanda keçirilməsi olduqca fərəhli haldır. Olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında əsl elm və dostluq körpüsünə çevrilmişdir. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə yaxından tanış olmuşlar.

 

Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının iştirakçıları ümumilikdə 20 qızıl, 60 gümüş və 84 bürünc medal qazanmışlar.

 

Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 9-nun adı mükafatçılar sırasında olmuşdur. Onlardan 2-si gümüş, 7-si isə bürünc medal qazanmışdır.

 

Rusiya komandası 6 qızıl medalla birinci yerə çıxmışdır.

 

Qaliblərə mükafatları xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədi ilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və başqaları təqdim etmişlər.

 

Tədbir gənc musiqiçilərin geniş konsert proqramı ilə davam etmişdir.