001.JPG
15 iyun 2008

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda inşa edilmiş kompyuter-tədris mərkəzinin binası istifadəyə verilib

İyunun 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda inşa edilmiş kompyuter-tədris mərkəzinin binası istifadəyə verilmişdir.


Tədbirin iştirakçıları əvvəlcə Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoymuş, görkəmli şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.

 

Kompyuter -tədris mərkəzi binasının açılış mərasimində Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilmişdir. Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkiladze, Gürcüstanın hakim Milli Hərakat Partiyasının baş katibi, deputat Zurab Melikaşvili, təhsil naziri Givi Nodiya, Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək təhsilə qayğının əhəmiyyətindən danışmış, bu sahədə mərkəzin mühüm rol oynayacağını vurğulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xarici ölkələrdə yaşayan soydaşlarımızın problemlərinə xüsusi diqqət göstərirlər. Bu mərkəzin açılışı həmin diqqətin bariz nümunəsidir.

 

Təhsilin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun layihəsi çərçivəsində inşasına ötən ilin sonlarında başlanmış bu mərkəzin binası ən müasir tələblərə və standartlara tam cavab verir. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin böyük portreti asılmışdır. Burada, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən fotoguşə yaradılmışdır. Müasir tipli istilik sistemi ilə təchiz olunmuş mərkəzin dərs otaqları, iki böyük zalı, kitabxanası, yardımçı otaqları, yeməkxanası, müəllimlər otağı yumşaq və rahat mebel dəstləri və avadanlıqla təmin edilmişdir. Mərkəzə gələn yollara asfalt döşənmiş, ətrada yaşıllıq sahəsi salınmışdır.

 

Mərkəzdəki 70 kompyuterin hamısı birbaşa internetə qoşulmuşdur və həm azərbaycanlı, həm də gürcü uşaqlar burada pulsuz kompyuter dəsrləri keçə biləcəklər. Bununla yanaşı, burada hər iki millətin uşaqları ingilis, azərbaycanlılar gürcü dilini öyrənəcəklər.

 

Heydər Əliyev Fondu mərkəzi əyani vəsaitlər – kitablar, dəsrliklər, CD və DVD-lərlə təmin etmişdir.

 

Mərasim Azərbaycanın və Gürcüstan incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.


FOTO