9 may 2008

Binə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası istifadəyə verilib

Mayın 9-da Bakının Əzizbəyov rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası istifadəyə verilmişdir.

 

Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar.

 

1970-ci ildə tikilmiş, lakin sonralar yararsız vəziyyətə düşmüş binanın təmirinə bir il bundan əvvəl baslanmışdı. 300 uşaq üçün nəzərdə tutulmuş bağçada məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərəcəkdir. Geniş və işıqlı məşğələ otaqları intellektual inkişafa kömək edən müxtəlif əyani vəsait, kitab və plakatlarla, yataq otaqları, mətbəx və yeməkxana müasir avadanlıqla təmin olunmuşdur.

 

Balacalar bağçanın musiqi zalında Heydər Əliyev Fondunun xüsusi olaraq hazırladığı uşaq musiqilərindən, nağıllardan ibarət disklərə qulaq asa biləcəklər. Burada böyük ekranlı televizor, musiqi mərkəzi, piano və digər avadanlıq var.

 

Bağçanın hovuzu, eləcə də sağlamlığa xidmət edən bütün idman qurğuları ilə təmin olunmuş idman salonu da vardır. Binada yeni istilik, yanğın təhlükəsizliyi sistemləri də quraşdırılmışdır. Bütün ərazini əhatə edən videosistem nəzarəti balacaların təhlükəsizliyini təmin edəcəkdir. Həyətdə müasir əyləncə kompleksi yaradılmış, attraksion və yelləncəklər quraşdırılmışdır. Uşaq avto-nəqliyyat meydançasında balacalar avtomobil idarə etməklə yanaşı, yol-hərəkət qaydalarını da öyrənə biləcəklər.

 

Ulu öndər Heydər Əliyevin uşaqlara qayğısını, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla görüşlərini əks etdirən fotoşəkillər, “Bağçamızın dünəni və bu günü” adlı güşə diqqəti cəlb edir.

 

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bağçanın rəmzi açılışını bildirən lenti kəsdilər.

 

Uşaq bağçasının otaqları, idman zalı, yemək otağı, musiqi zalı ilə tanış olan dövlətimizin başçısı və xanımı sonra bağçanın həyətində uşaqlarla səmimi söhbət etdilər.

 

Prezident İlham Əliyev bağçanın müəllim və tərbiyəçilərinə uğurlar arzuladı.