2.jpg
15 mart 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əqli və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı məktəblərdə olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 15-də Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı məktəbində olmuşdur.

 

Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

 

1905-ci ildə inşa edilmiş bu binada məktəb 1927-ci ildən fəaliyyət göstərir. Uzun illər təmir olunmayan bina yararsız vəziyyətə düşmüşdü. Mehriban xanım 2003-cü ildə ilk dəfə buraya gələrkən vəziyyətlə yerində tanış olmuş, onun təşəbbüsü ilə məktəbin Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində əsaslı şəkildə təmiri və yenidən qurulmasına başlanmışdır. 2005-ci ilin yanvarında işlər başa çatdırılmışdır. Burada ayrıca daimi istilik sistemi qurulmuş, yeməkxana, idman kompleksi də tikilmişdir. Məktəb təzə avadanlıqla tam komplektləşdirilmişdir, burada tibb otağı, loqopediya və s. kabinetlər vardır.

 

Azərbaycanın birinci xanımının buraya ilk gəlişindən sonra məktəbin fəaliyyətində də əsl canlanma yaranmışdır. İndi burada əvvəlkindən 3 dəfə çox, əqli və fiziki cəhətdən zəif inkişaf etmiş 130 uşaq təhsil alır. Bundan iki dəfə çox uşağa isə ailələrdə xüsusi tədris proqramı keçirilir. 15 sinif və 6 qrupda uşaqların təlim-tərbiyəsi ilə 140 müəllim və tərbiyəçi məşğul olur. Uşaqlara gündə 2 dəfə yemək verilir. Valideynlər iş gününün sonunda onları evlərinə aparırlar.

 

Məktəbin əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoguşə, ümummilli lider Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərinə, Fondun həyata keçirdiyi layihələrə, Mehriban xanımın bu məktəbdə keçirdiyi görüşlərə həsr olunmuş fotoşəkillər, dəhlizləri və sinif otaqlarını bəzəyən gül-çiçək dibçəkləri, göz oxşayan səliqə-sahman diqqəti cəlb edir.

 

Mehriban xanım məktəbin bayramsayağı bəzədilmiş salonunda uşaqların Novruz bayramı münasibətilə hazırladığı musiqili-əyləncəli kompozisiyaya tamaşa etdi, onların sevincinə qoşularaq uşaqlarla birlikdə rəqs etdi. Uşaqların məharətlə ifa etdiyi yumoristik səhnələr, oynaq, şux rəqslər hörmətli qonağa, valideynlərə xoş ovqat bəxş etdi.

 

Mehriban xanım Əliyeva məktəbin kompyuter otağına da baxdı. Burada uşaqlar kompyuterlərdə sərbəst işləyirdilər. Onlar Mehriban xanımın suallarını, verdiyi tapşırıqları bacarıqla yerinə yetirdilər.

 

Uşaqların əmək təlimi dərsində əldə etdiyi uğurlar, emalatxanada nümayiş etdirilən əl işlərində özünü göstərirdi.

 

Yardımçı məktəbin yeməkxanasında açılmış bayram süfrəsi də uşaqların ürəyincə oldu. Şəkərbura, paxlava, meyvə-tərəvəz, şərbətlər düzülmüş bol süfrə arxasında uşaqlarla birlikdə əyləşən Mehriban xanımdan qızı Arzu və Leylanı soruşdular, ötən dəfə onlarla birlikdə rəqs etdiklərini, birgə şəkil çəkdirdiklərini xatırlatdılar, hətta onların harada və hansı uşaqlarla yanaşı oturduqlarını da yada saldılar. Mehriban xanım uşaqların bu diqqət və yaddaşından mütəəssir oldu, növbəti görüşlərində mütləq onları da gətirəcəyini bildirdi. Buraya toplaşan valideynlər bu qayğıkeşliyinə görə Mehriban xanıma minnətdarlıq etdilər, onun artıq bu uşaqların sevimlisinə çevrildiyini vurğuladılar.

 

Valideyn Nisə Abbasova Fondun Prezidentinə müraciətlə dedi ki, qızı Sevda hər dəfə Sizi televizorda görəndə "Mehriban xala, Mehriban xala" deyərək, hamını Sizə baxmağa, söhbətinizi dinləməyə çağırır, onu öpdüyünüzü yada salır.

 

Mehriban xanım Heydər Əliyev Fondunun əqli və fiziki cəhətdən zəif inkişaf etmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllinə, onların valideynlərinin, doğma və əzizlərinin mənəvi ağrılarına şərik olmağı özünün borcu hesab etdiyini, bunun üçün mümkün olan tədbirləri görməyə çalışdığını bildirdi.

 

Mehriban xanım uşaqlarla birlikdə xatirə şəkilləri çəkdirdi.

 

Əziz qonağı səmimiyyətlə yola salan uşaqların əhval-ruhiyyəsindən bu görüşün də onların qəlbində şirin xatirəyə çevriləcəyi hiss olunurdu.

 

X X X

 

Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbinin qarşısında Mehriban xanıma gül-çiçək dəstəsi təqdim edən uşaqlar bu məktəbin əsaslı şəkildə təmirinə, yenidən qurulmasına, təzə avadanlıqla təmin olunmasına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər, indi burada onların rahatlığı üçün hər cür şərait yaradıldığını söylədilər.

 

"Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuşdur", "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar tək deyil" sözləri yazılmış lövhələrin də asıldığı foyedə bu təhsil ocağının bərpadan əvvəlki acınacaqlı görkəmini və hazırkı vəziyyətini əks etdirən stend, ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısından bəhs edən, habelə Fondun prezidenti Mehriban xanımın bu təhsil ocağında keçirdiyi görüşlərə dair fotoguşələr yaradılmışdır.

 

Direktor məlumat verdi ki, 61 ildir fəaliyyət göstərən məktəbdə hazırda 300 uşaq təlim-tərbiyə alır. Onların yarısı tamamilə görmür, 27-si 1-ci qrup əlildir. Burada 100 müəllim və tərbiyəçi çalışır, onların da əksəriyyətinin görmə qabiliyyəti zəifdir.

 

Mehriban xanımın bu məktəbə ilk gəlişindən sonra Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmiri və yenidən qurulmasına başlanmışdır. İşlər qısa vaxtda keyfiyyətlə başa çatdırılmış, daimi istilik sistemi quraşdırılmış, yeməkxana, idman kompleksi də tikilmişdir. Uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının təşkili üçün nümunəvi şərait var. Məktəbin həyətində geniş abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, istirahət guşələri yaradılmışdır. Uşaqlar açıq havada gəzməyi, burada istiharət etməyi, idman oyunları ilə məşğul olmağı çox sevirlər. Məktəb təzə avadanlıqla tam komplektləşdirilmiş, uşaqların müayinə, müalicəsinə kömək məqsədi ilə müasir avadanlıqla təchiz olunmuş tibb kabinetləri təşkil edilmişdir.

 

12 illik təhsil proqramından sonra attestat alan məzunlar test imtahanları ilə ali məktəblərə daxil ola bilirlər. Ötən il 14 nəfər məzundan 4-ü ali, 2-si isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Məzunlar arasından xeyli istedadlı adamlar çıxmışdır. Onlardan biri də bəstəkar İsrail Kərimov idi.

 

Sinif, yataq otaqları, fənn kabinetləri ilə ətraflı tanış olan Mehriban xanım proqram və dərsliklərlə təminat, kadrların ixtisas hazırlığı ilə maraqlandı.

 

Uşaqlar Azərbaycanın birinci xanımını Novruz bayramı münasibətilə xüsusi olaraq bəzədilmiş yeməkxanada təşkil edilmiş şənliyə dəvət etdilər. Süfrədə müxtəlif yeməklər, səməni, bol şirniyyat, meyvə-tərəvəz vardı. Məktəbin şagirdi Əsgər Əliyevin ifa etdiyi şən, oynaq mahnı və Kosa, Keçəl, Bahar qızın göstərdiyi səhnəciklər, şən, şux zarafatlar, rəqslər uşaqlarda hədsiz sevinc doğurdu. Mehriban xanım uşaqlarla birlikdə süfrə arxasında bayram plovundan daddı, yumurta döyüşdürdü, buraya tez-tez gələcəyini bildirdi.

 

Şagirdlərdən Zeynəb Nəcəfova, Ləman Abdullayeva, Leyla Mərdanlı, Hüseyn Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın məktəblilərin sevimlisi olduğunu bildirərək ona, Azərbaycan Prezidenti İlham Əliyevə və ailə üzvlərinə ən xoş Novruz arzularını çatdırdılar.

 

Mehriban xanım Əliyeva Fondun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi çərçivəsində bu məktəbdə görülmüş işlərlə də tanış oldu.

 

Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Fond onlara informasiya toplamaq və məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi, İKT-dən istifadənin təşkilini zəruri saymış, BMT-nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlamışdır.

 

Məktəbin kompyuter mütəxəssisləri bildirdilər ki, geniş zal elektron kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti alınıb quraşdırılmışdır. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Uşaqlar üçün Model İKT sinifləri yaradılmış, proqram təminatı lokallaşdırılmış, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audio studiya və kitabxananın fəaliyyəti təmin edilmişdir.

 

Texnologiyanın işləmə mexanizmi əyani şəkildə göstərildi. Bildirildi ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək, o cümlədən mobil telefonlara da mesaj göndərmək olur. Burada dərsliklər əldə edilib çap olunur. Gözdən əlil insanlar artıq bu texnologiyadan evlərinə də alıb fərdi qaydada istifadə etmək arzusundadırlar. Burada onlarla işləməyi öyrədən bacarıqlı mütəxəssislər vardır. Fondun köməyi ilə xaricdən mütəxəssislər dəvət olunmuş, məşğələlər keçirilmişdir, bizim mütəxəssislər də Almaniyada olmuşlar. Respublika Korlar Cəmiyyəti ilə də birgə işlər aparılır.

 

Fondun icraçı direktoru Anar Ələkbərov əlavə etdi ki, layihədə nəzərdə tutulmasa da, Mehriban xanımın təşəbbüsü ilə ötən il bizim nümayəndələr bu avadanlığı alıb gətirmək üçün Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq sərgidə olarkən alman mütəxəssislər ölkəmizdə belə layihənin həyata keçirildiyini eşidəndə təəccüblənmişdilər. Bildirmişdilər ki, belə layihə MDB-də birinci olaraq sizin respublikanızda həyata keçirilir, hətta, Avropanın bir çox qabaqcıl dövlətlərində də onun reallaşmasına girişməyə cəsarət etmirlər. BMT İnkişaf Proqramının ölkəmizdəki missiyasının rəhbərliyi də yaxın vaxtlarda bu məktəbdəki elektron kitabxanaya gəlib tanış olmaq istədiklərini bildirdi.

 

Görmə qabiliyyəti olmayan, yaxud zəif görən hər bir uşağa dəstək vermək, onların həyatının çətinliyini azaltmağı Fondun prioritet fəaliyyət sahəsi hesab etdiyini bildirən Mehriban xanım layihənin birinci mərhələsi çərçivəsində həyata keçirilən tədbirləri müsbət dəyərləndirdi, bundan sonra görüləcək işlərə dair tövsiyələrini verdi, layihənin perspektivləri barədə fikirlərini açıqladı.

 

Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, BMT İnkişaf Proqramının da belə bir layihəyə dəstək verməsi həm ölkəmizdə gedən uğurlu islahatlara inamın, həm də Fondun indiyədək qarşıya qoyduğu məqsədlərə çatmaq üçün iradə nümayiş etdirməsinin nəticəsidir.


FOTO