1.jpg
16 mart 2007

Heydər Əliyev Fondunun təlim-tədris mərkəzinin açılışı olub

Martın 16-da Bakının Nizami rayonunda Heydər Əliyev Fondunun Təlim-Tədris Mərkəzinin açılışı olmuşdur. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mərasimdə iştirak etmişdir.

 

Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

 

2005-ci ilin noyabrında inşasına başlanmış, 1500 kvadratmetr sahəsi olan üçmərtəbəli bina bütün fənlər üzrə ali məktəblərə, eləcə də ondan sonrakı mərhələlər üçün hazırlıq kurslarının təşkili məqsədi ilə tikilmişdir. Burada hər növbədə 100 nəfər olmaqla gündə 3 növbədə 300 nəfərin məşğul olması üçün rahat şərait yaradılmışdır. Fənlərdən və uşaqların sayından asılı olaraq, 3, 4, 8 nəfərlik otaqlar təzə, rahat avadanlıqla təchiz olunmuşdur. Valideynlər üçün gözləmə otağı da var. Hər mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin uşaqlara sonsuz məhəbbətini, diqqət və qayğısını əks etdirən fotostendlər, rəsm əsərləri asılmış, divan-kreslolar, jurnal stolları qoyulmuşdur. Ayrıca istilik sistemi, sanitar qovşağı olan mərkəzin konfrans salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün elektron avadanlıq quraşdırılmışdır. Burada paytaxtın bütün məktəbləri tədbirlərini keçirə biləcək, uşaqlar üçün tanınmış alim və mütəxəssislərin mühazirələri, onlarla görüşlər təşkil olunacaqdır. Fondun balansında olan mərkəzin imkanlarından heç bir məhdudiyyət qoyulmadan arzu edən bütün məktəblilər, gənclər istifadə edəcəklər. Özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək mərkəzdə imkansız ailələrin uşaqları üçün güzəştlər nəzərdə tutulacaq, uşaq evlərindən və internat məktəblərindən gələnlər isə pulsuz məşğul olacaqlar. Mərkəzin həyətində istirahət guşələri yaradılmış, yaşıl xiyaban salınmışdır.

 

Mərkəzin xidməti və sinif otaqları ilə tanış olan Mehriban xanım yüksək sürətli internetə qoşulu kompyuterlərin alınıb quraşdırılmasından, kompyuter salonunun zövqlə tərtib edilməsindən, bütövlükdə görülən işin keyfiyyətindən razı qaldığını bildirdi.

 

Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva ilə söhbətində bu mərkəzin imkanlarından gənc nəslin yüksək elmi-nəzəri, praktik biliklərə yiyələnməsi üçün səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrini, təkliflərini bildirən Mehriban xanım, mərkəzin müəllim və rəhbər kadrlarının ən nümunəvi, bilikli, peşəkar insanlardan seçilməsində Fonda kömək göstərməyi də xahiş etdi, birgə fəaliyyət üçün təkliflər hazırlanmasının gərəkliyini vurğuladı.


FOTO