02.jpg
16 mart 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Nizami və Suraxanı rayonundakı uşaq evlərində olub

Martın 16-da Mehriban Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evində Heydər Əliyev Fondunun təşkil etdiyi Novruz şənliyində iştirak edib.

 

Uşaq evinin sakinləri Azərbaycanın birinci xanımını böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

 

Bayramsayağı bəzədilmiş foyedə uşaqların ifa etdikləri oynaq mahnılar və rəqslər görüşə xoş ovqat bəxş etdi. Milli geyimli oğlan və qızların xalı, geyim, bəzək əşyalarını bacarıqla toxuması, onların əl işlərinin sərgisi Mehriban xanımda xüsusi maraq doğurdu.

 

Mehriban xanım uşaq tərbiyə müəssisəsinin bahar rəngləri ilə bəzədilmiş yeməkxanasında Novruz bayramı münasibətilə hazırlanmış musiqili-əyləncəli kompozisiyaya da tamaşa etdi. Fondun əməkdaşları masalar üstünə hər cür bayram şirniyyatı, meyvə-tərəvəz düzmüş, xidmətçilərlə birlikdə uşaqlara qulluq edirdilər.

 

2003-cü ildən fəaliyyətə başlayan, dəfələrlə respublika müsabiqələrinin qalibi olmuş, xarici ölkələrə səfərlər etmiş "Azəri" mahnı və rəqs ansamblının çıxışları hərarətlə qarşılandı. Ansamblın bədii rəhbəri Rövşən Məmmədov, baletmeysteri Nazim Abdullayevdir. Kollektiv İstanbulda keçiriləcək ənənəvi uşaq bayramında iştirak etmək üçün apreldə Fondun maliyyə dəstəyi ilə qardaş Türkiyəyə gedəcəkdir. Təravət və İbrahimin oynadığı müasir bal rəqsi, Yasəmən və Yalçının "Naz eləmə" rəqsi, ansamblın ifa etdiyi "Çobanlar", "Arpa çay", "Azərbaycanım" mahnı-rəqsləri, balaca aktyorların Novruz personajlı yumoristik səhnələri, şənlik iştirakçılarının hamılıqla "Yallı" getməsi əsl bayram ovqatından xəbər verirdi.

 

Fondun Prezidenti özü ilə bir masa arxasında oturmuş uşaqlara bayram plovu çəkdi, onlarla birlikdə əyləndi, xatirə şəkilləri çəkdirdi.

 

Hər dəfə bu uşaq evində yeniliklər gördüyünü bildirən Mehriban xanım yeni təşkil olunmuş oxu zalına da baxdı, uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılmış nümunəvi şəraitdən razı qaldı.

 

Direktor Nərminə Zöhrabova xalqımızın əziz bayramı münasibətilə Mehriban xanımı uşaq evinin sakinləri adından təbrik etdi. Minnətdarlıqla bildirdi ki, dəfələrlə buraya gələn Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində əsaslı təmir edilən və yenidən qurulan bu təlim-tərbiyə ocağında uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının təşkili üçün hər cür şərait var. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, istirahət guşələri yaradılmışdır. Uşaqlar açıq havada gəzməyi, istiharət etməyi, idman oyunları ilə məşğul olmağı çox sevirlər. Uşaq evi təzə avadanlıqla tam komplektləşdirilmiş, müasir səviyyədə təchiz olunmuş tibb kabinetləri təşkil edilmişdir. Hazırda burada 107 uşaq vardır, xidmətçi heyət də daxil olmaqla, onların təlim-tərbiyəsi ilə 44 nəfər məşğul olur. Bu uşaq evinin yetirmələri dəfələrlə müxtəlif idman, rəsm, musiqi müsabiqələrində qalib gəlmiş, diplom və fəxri fərmanlar almışdır.

 

Mehriban xanım uşaqlara və tərbiyəçi müəllimlərə Novruz bayramı münasibətilə xoş arzularını çatdırdı.

 

X X X

 

Mehriban Əliyevanın həmin gün Novruz bayramı münasibətilə daha bir görüşü Suraxanı rayonundakı 2 nömrəli uşaq evində oldu.

 

Ötən il buraya gələndə Mehriban xanım bu təlim-tərbiyə müəssisəsinə mikroavtobus bağışlamışdı. O vaxt burada yeməkxana olmadığına görə uşaqlara yeməyin otaqlarda verildiyini bildikdə, yeməkxana tikilməsinə təşəbbüs göstərmişdi.

 

Mehriban xanım uşaq evinin yataq otaqlarına, tibb məntəqəsinə baxdıqdan sonra təzə tikilmiş, 380 kvadratmetr sahəsi olan yeməkxanaya gəldi. Ərazinin əvvəlki vəziyyətini və indiki görünüşünü əks etdirən fotolara baxdı, yeməkxananın ərzaq anbarında, mətbəxində oldu, ərzaq ehtiyatı, normaları, sanitariya vəziyyəti ilə maraqlandı.

 

Buranın ən yaşlı xidmətçisi olan Həqiqət Sultanova yaradılan belə gözəl şəraitə görə hamının razılığını Mehriban xanıma çatdırdı. Eyni zamanda dedi ki, Xocalı qırğını haqqında əsl həqiqətin dünyaya yayılması üçün gördüyü işlərə görə xüsusi minnətdarlıq etməyi özümə borc bilirəm.

 

Bayram süfrəsi arxasında hər kəs öz yerini tutduqdan sonra uşaq evində təlim-tərbiyə işinin təşkilindən, uşaqların müxtəlif sahələrdə əldə etdiyi uğurlardan bəhs edən film göstərildi.

 

4 yaşlı Aytac isə əsl körpə məhəbbəti ilə Mehriban xanımın boynuna sarılıb ondan aralanmırdı.

 

Bütün uşaqlar bir səslə Mehriban xanımı salamladılar. Sonra şənliyin aparıcıları Mehriban xanıma müraciətlə dedilər:

 

"Əziz Mehriban xanım, bizimlə Novruz bayramı sevincini bölüşməyə xoş gəlmisiniz. Biz Sizi əziz bayramımız münasibətilə ürəkdən təbrik edirik.

 

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində görülən işlər xalqımızın minlərlə ailəsinə rahatlıq, sevinc bəxş etmiş, yaxşı təhsil imkanı yaratmışdır.

 

Digər 28 belə uşaq evi, internat məktəbi kimi, bizim müəssisə də Sizin təşəbbüsünüzlə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində təmir edilərək, təzə avadanlıqla tam təchiz olunmuş, rahatlığımız üçün hər cür şərait yaradılmışdır. Söz veririk ki, bizə göstərdiyiniz qayğıya cavab olaraq səylə oxuyacaq, vətənimizə, xalqımıza gərəkli insanlar olacağıq.

 

Sizə və hörmətli Prezidentimizə gördüyünüz böyük işlərdə müvəffəqiyyətlər arzulayırıq. Bu bayram günündə Sizə öz sevgi və məhəbbətimizi bildiririk".

 

Mahnı və rəqslər bir-birini əvəz etdi, uşaqlar Novruz səhnəcikləri göstərdilər, yeyib-içib şənləndilər.

 

Fondun prezidenti buradan ayrılarkən bir daha hamını bayram münasibətilə təbrik etdi, tərbiyəçilərdən onların əməyinin ən böyük savab iş olduğunu unutmamağı, uşaqlara öz balaları kimi baxmağı xahiş etdi.


FOTO