1.jpg
14 iyun 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bilgəh qəsəbəsində Fondun təşəbbüsü ilə tikilib istifadəyə verilmiş 231 nömrəli uşaq bağçasında olub

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iyunun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fondun təşəbbüsü ilə tikilib yenicə istifadəyə verilmiş 231 nömrəli uşaq bağçasında olmuşdur.

 

Uşaqlar Mehriban xanımı gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar.

 

Kollektivin, valideynlərin müraciətlərinin araşdırılması nəticəsində müəyyən edilmişdi ki, bağçanın yerləşdiyi bina tam yararsız vəziyyətdədir. Bunu nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada 80 yerlik yeni uşaq bağçası inşa edildi. Müasir avadanlıqla təchiz olunan bağçanın yeməkxanası, camaşırxanası və yaşıllıqlar salınmış həyətyanı sahəsi də vardır. 2 nömrəli uşaq evinin Fonda çoxsaylı müraciətləri nəzərə alınaraq, uşaqların yay tətilini səmərəli təşkil etmək üçün hazırda bağça müvəqqəti olaraq onların istifadəsinə verilmişdir. İndi burada valideyn himayəsindən məhrum olmuş 3-14 yaşlı 80-dək uşaq dincəlir.

 

Mehriban xanım bağçanın əvvəlki görkəmini əks etdirən fotoşəkillərə baxdı, görülmüş işlərlə yaxından tanış oldu. Qrup, yataq otaqları, tibb məntəqəsi, tərbiyəçilər kabineti və s. otaqların təzə avadanlıqla təchiz edilməsini, yaradılmış rahat şəraiti yüksək qiymətləndirdi. Foyedəki "Heydər Əliyev Fondu", "Uşaqların əl işləri" foto və rəsm sərgilərinin də zövqlə tərtib edildiyi bildirildi.

 

Uşaqlarla hal-əhval tutan Mehriban xanım onların yay istirahətinin necə keçməsi ilə maraqlandı. Hər gün avtobuslarla, müəllimlərin nəzarəti ilə Xəzərin sahilinə gəzintiyə getdiklərini həvəslə bildirən uşaqlar buranın təmiz havasının, sərinliyinin onlara xüsusi zövq verdiyini, yeməklərin keyfiyyətindən, çeşidlərindən məmnun qaldıqlarını söylədilər. Növbə ilə digər yoldaşlarının da buraya gəlib dincələcəklərini vurğuladılar, yaradılmış rahatlığa, onlara göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma səmimi sözlərlə təşəkkür etdilər.


FOTO