0.jpg
31 may 2007

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yəhudi uşaqları üçün “Xabad-Or-Avner” təhsil mərkəzinin binasının təməlqoyma mərasimində iştirak edib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva mayın 31-də Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi binasının təməlinin qoyulmasına həsr olunmuş mərasimdə iştirak etmişdir.

 

Mərasimə toplaşan sakinlər, yəhudi icmasının nümayəndələri, İsrailin ölkəmizdəki səfirliyinin təmsilçiləri Azərbaycanın birinci xanımını alqışlarla qarşıladılar.

 

Memar Elbəy Qasımzadə “Xabad-Or-Avner” təhsil mərkəzinin layihə-maketi ilə bağlı Mehriban xanıma məlumat verdi. Bildirildi ki, Xəzər dənizi sahilindəki bu mənzərəli guşədə mərkəzin tikintisi üçün 1,5 hektar torpaq sahəsi ayrılmışdır. Mərkəzin 30 siniflik təhsil korpusu ilə yanaşı, uşaq bağçası, ayrıca 3 mərtəbəli yataqxana kompleksi də olacaqdır. Yataqxanada digər regionlardan gəlib təhsil alan uşaqlar yaşayacaqlar. Yeməkxana, idman salonları, meydançalar, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla tam komplektləşdiriləcək, mərkəzin ayrıca istilik sistemi olacaqdır. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana da təşkil ediləcək, yəni, bu kompleks həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcəkdir. İnşası bir ilə başa çatacaq mərkəzin tikintisində, əsasən, yerli işçi qüvvəsindən və tikinti materiallarından istifadə olunacaqdır.

 

Azərbaycanın birinci xanımının layihə ilə bağlı suallarına da cavab verildi.

 

Mehriban xanım Əliyeva binanın təməlinin qoyulduğunu bildirən gilizi bünövrəyə atdı və alqış sədaları altında ilk beton qarışığını tökdü.

 

MDB Yəhudi İcmaları Federasiyasının prezidenti Lev Levayev də binanın təməlinə beton qarışığı atdı.

 

Heydər Əliyev Fondunun prezidenti buraya toplaşan yəhudiləri səmimiyyətlə salamlayaraq, belə müasir bir mərkəzin tikintisinə başlanması münasibətilə onları təbrik etdi, bu mərkəzin ölkəmizdə yaşayan və Bakıya qonaq gələn yəhudilər üçün cəlbedici təhsil-mədəniyyət obyektinə çevriləcəyinə inandığını söylədi.

 

Yəhudi həmvətənlərimiz Azərbaycanda özlərini tamhüquqlu vətəndaşlar kimi hiss etdiklərini bildirdilər, ölkədə dini, milli ayrı-seçkilik hallarının olmadığını, dünyanın heç bir guşəsində alternativi olmayan tolerantlığın hökm sürdüyünü vurğuladılar. Onlar bir neçə gün əvvəl xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülməsi münasibətilə Mehriban xanımı təbrik edərək, olduqca dəyərli ictimai fəaliyyətində ona daha böyük uğurlar arzuladılar.

 

Yəhudi icmasının nümayəndələri Azərbaycanın birinci xanımı ilə xatirə şəkli çəkdirdilər.


FOTO