16.JPG
15 sentyabr 2007

Əzizbəyov rayonunun Binə qəsəbəsindəki 218 nömrəli orta məktəbin yeni binasının açılışı olub

Əzizbəyov rayonunun Binə qəsəbəsindəki Rəşid Baxışov adına 218 nömrəli orta məktəbin yeni binası sentyabrın 15-də, “Bilik günü”ndə öz qapılarını şagirdlərin üzünə açmışdır.


Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu münasibətlə keçirilən mərasimdə iştirak etmişlər. Bu təhsil ocağının kollektivi ali qonaqlarını böyük səmimiyyətlə qarşıladılar.


1978-ci ildən fəaliyyət göstərən məktəbdə oxuyan şagirdlər indiyə qədər natamam orta təhsil alırdılar. Bu ildən isə məktəb tam orta təhsil verəcəkdir. Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramına uyğun olaraq, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində tikilən məktəbin təməli 2006-cı il iyunun 15-də Prezident İlham Əliyev və Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən qoyulmuşdur.


Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Bu təhsil ocağı ilə tanış olan Azərbaycan Prezidentinə məlumat verildi ki, müasir standartlara tam cavab verən, yaraşıqlı üçmərtəbəli bina 1176 şagird üçün nəzərdə tutulmuşdur. 51 sinif otağı, 8 laboratoriyası var, həyətdə mini futbol meydançası inşa olunmuşdur.


Məktəbin foyesindəki “Təhsil millətin gələcəyidir”, “Heydər Əliyev Fondu” stendlərində ulu öndərin, Prezident İlham Əliyevin təhsilə və gənc nəslə diqqət və qayğısını əks etdirən fotoşəkillər diqqəti cəlb edir.


Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ibtidai sinif otaqları, idman salonu və kitabxana, akt salonu ilə tanış oldular. Kitabxanada 3 mindən çox bədii ədəbiyyat və 5 minə yaxın dərslik vardır. Kompyuter otağındakı 20 kompyuterin hər biri internetə qoşulmuşdur. Ən müasir standartlara uyğun 80 nəfərlik yeməkxana da şagirdlərin ixtiyarına verilmişdir.


Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirərək, bunu xalqımızın gələcəyi olan uşaqlara göstərilən qayğının konkret təzahürü kimi qiymətləndirdi.


Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva pedaqoji kollektivin üzvləri, şagirdlər və valideynlərlə xatirə şəkli çəkdirdilər.


FOTO