18 sentyabr 2007

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranın Bürcəli kəndində ilk məktəb binası tikilib

Sentyabrın 17-də Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində Lənkəran rayonunun Bürcəli kəndində tikilmiş 100 şagird yerlik ilk ibtidai məktəb binasının və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq 1.200 şagird yerlik şəhər 5 nömrəli orta məktəb binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.


Mərasimlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Hadı Rəcəbli, təhsil işçiləri, valideynlərin və ictimaiyyətin nümayəndələri çıxış edərək regionların inkişafına, kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə, yeni dərs ilində kənddə yaşayanlara bayram sevinci bəxş etdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.