19 sentyabr 2007

Novxanıda “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yeni təhsil ocağı istifadəyə verilib

Sentyabrın 18-də Abşeron rayonunun Novxanı kəndində 2 nömrəli yeni məktəb binasının açılış mərasimi keçirilmişdir.


Müstəqil Azərbaycan dövlətinin uğurlu təhsil siyasəti həyata keçirildiyini vurğulayan rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev bildirmişdir ki, bu məktəb YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilmişdir. Qeyd olunmuşdur ki, bu təhsil ocağı cari ildə Abşeron rayonunda istifadəyə verilən 7-ci tədris müəssisəsidir. Bundan əlavə, daha 2 məktəbin yeni korpusları inşa edilərək şagirdlərin istifadəsinə verilmişdir. Gələn il isə Abşeron rayonunda həm dövlət vəsaiti hesabına, həm də ulu öndərin adını daşıyan Fondun təşəbbüsü ilə daha 10 məktəb binasının inşa edilməsi nəzərdə tutulur.


Göstərilən qayğı və diqqətə görə N.Ağayev Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidentinə Abşeron rayon təhsil işçilərinin və şagirdlərin minnətdarlıqlarını bildirmişdir.


Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Elmar Qasımov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək, Azərbaycan dövlətinin təhsil siyasətinin mahiyyətindən, bu məqsədlə həm dövlət, həm də qeyri-dövlət xətti ilə böyük miqdarda vəsaitlərin ayrılmasından, yeni təhsil ocaqlarının inşası və müasir texnologiyalarla təchiz edilməsinin əhəmiyyətindən danışmışlar. Qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ilin ən yaxşı 50 məktəbi və 100 ən yaxşı müəlliminin müəyyən edilməsi barədə imzaladığı Sərəncam ölkəmizdə təhsilin inkişafına stimul yaradan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, Bakıda ilk dəfə keçirilən güləş üzrə dünya birinciliyinin birinci günündə azərbaycanlı idmançı Fərid Mansurovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması, qazanılan iqtisadi uğurların məntiqi nəticəsi kimi qeyd edilmişdir. Bildirilmişdir ki, bütün bunlar hər bir azərbaycanlının qürur mənbəyidir və gənclərimizin əsl vətənpərvər kimi yetişməsində önəmli rola malikdir.


Açılış mərasimində çıxış edən hacı Eldar Novruzov kənd sakinləri adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, Azərbaycan Prezidentinin daxili və xarici siyasətinin yerli əhali tərəfindən dəstəkləndiyini xüsusi vurğulamışdır.


Mərasimdə şagirdlərin ifasında Vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səslənmişdir.


Gənclər və idman naziri Azad Rəhimov və icra hakimiyyətinin başçısı Zakir Fərəcov rəmzi qırmızı lenti kəsdikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən fotoguşə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.


Bildirilmişdir ki, ikimərtəbəli 11 otaqlı 240 şagird yerlik binada təlim-tərbiyəni müasir səviyyədə qurmaq üçün hər cür şərait yaradılmışdır. Məktəbdə kitabxana, kompyuter otağı, idman meydançası, bufet də vardır. Şagirdlərin sayına uyğun olaraq məktəb dərsliklərlə tam təmin edilmişdir.