26 sentyabr 2007

Heydər Əliyev Fondu Qax, Zaqatala və Balakəndə tədrisin gürcü dilində aparıldığı məktəblərə yeni dərsliklər hədiyyə edib

Heydər Əliyev Fondu və “Pedaqogika” nəşriyyatı “Təhsilə dəstək” proqramına uyğun olaraq, Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə növbəti dəfə yeni dərsliklər və tədris ləvazimatları hədiyyə yeni dərsliklər.


Bu münasibətlə sentyabrın 26-da Qax rayonunun Qax İngiloy kənd orta məktəbində həmin rayonların rəhbər təhsil işçilərinin iştirakı ilə mərasim keçirilmişdir.


Əvvəlcə məktəblilərin ifasında Azərbaycan və gürcü dillərində dostluğu tərənnüm edən şeirlər səslənmiş, milli rəqslər ifa olunmuşdur.


Mərasimdə çıxış edən “Pedaqogika” nəşriyyatının direktoru Əlövsət Osmanlı, Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı qonşu Gürcüstan Respublikası ilə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin yüksək sürətlə inkişaf etdiyini xüsusi vurğulamış, Heydər Əliyev Fondunun bu sahədəki səmərəli fəaliyyətini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, “Təhsilə dəstək” proqramı çərçivəsində tədrisin gürcü dilində aparıldığı məktəblərə artıq üçüncü ildir ki, dərsliklər, tədris ləvazimatları hədiyyə edilir. Bu il artıq üçüncü sinif şagirdləri də yeni dərsliklərlə təmin olunmuşlar. Həmin ənənə gələcəkdə də davam etdiriləcək və bu aksiya yuxarı sinif şagirdlərini də əhatə edəcəkdir.


Mərasimdə çıxış edən digər natiqlər Azərbaycan təhsilinin inkişafına dövlət qayğısını xüsusi vurğulamış, hədiyyələrə görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, “Pedaqogika” nəşriyyatının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.


Sonra respublikamızın görkəmli alimlərinin müəllifliyi ilə “Pedaqogika” nəşriyyatı tərəfindən nəşrə hazırlanmış, nəfis şəkildə Türkiyədə çap olunmuş “Ana dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərslikləri, 367 məktəbli çantası Qax, Zaqatala və Balakən rayonları təhsil şöbələrinin rəhbərlərinə təqdim edilmişdir.