ZAQATALA -YENI MAKTABLAR.jpg
10 noyabr 2007

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatalada daha bir məktəb binası istifadəyə verilib

Noyabrın 10-da Zaqatala rayonunun Əliabad qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 360 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.

 

Bu münasibətlə keçirilən mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gözəl hədiyyəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya zaqatalalılar adından dərin minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində bu gün respublikanın hər bir guşəsində böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini, yüz minlərlə yeni iş yerinin açıldığını nəzərə çatdıran icra başçısı zaqatalalıların da bu quruculuq proseslərinin fəal iştirakçıları olduğunu bildirmişdir. O, dövlət başçısının 2006-cı ilin aprelində Zaqatalaya tarixi səfərinin hər bir zaqatalalının qəlbində böyük sevinc hissi və ruh yüksəkliyi doğurduğunu qeyd etmişdir.

 

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibətilə qəsəbə sakinlərini və məktəbin kollektivini təbrik etmiş, şirkətin respublikamızda gerçəkləşdirilən layihələrdə fəal iştirak etdiyini vurğulamış, hazırda qurumun maliyyə vəsaiti ilə regionlarda bir sıra sosial obyektlərin tikildiyini, o cümlədən Zaqatalada inşası davam etdirilən müalicə-diaqnostika mərkəzinin və hava limanının 2008-ci ilin əvvəllərində istifadəyə veriləcəyini bildirmişdir.

 

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar yeni məktəb binası ilə yaxından tanış olmuşlar. Xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilmiş üçmərtəbəli yeni məktəb binasında 40 otaq, o cümlədən 20 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, kitabxana, bufet, həkim otağı, akt və idman zalları vardır. Məktəbdə müasir istilik sistemi, ayrıca generator quraşdırılmışdır. Məktəbin həyətində müasir standartlara uyğun idman meydançası salınmışdır.


FOTO