01.JPG
11 oktyabr 2007

Heydər Əliyev Fondunun təqdimatı ilə 15 əlil ixtiraçı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatlarına layiq görülüb

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Heydər Əliyev Fondunun təqdimatı ilə 15 nəfər əlil ixtiraçının mükafatlandırılması barədə qərar qəbul etmişdir.


Oktyabrın 11-də Heydər Əliyev Fondunda mükafatların təqdimat mərasimi keçirilmişdir.


Fondun əməkdaşı İlqar Mustafayev iştirakçıları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamladı. Bildirildi ki, Fondun fəaliyyətində yaradıcı insanlara, xüsusən əlillərə qayğı xüsusi yer tutur.


Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın əsas istiqamətlərinin təşkilatın baş direktoru Kamal İdrisin 2006-ci ildə ölkəmizə səfəri və Mehriban xanım Əliyeva ilə görüşü zamanı müəyyənləşdirildiyi xatırladılaraq bildirildi ki, həmin görüşdə əlillərin ixtiraçılıq fəaliyyətinin təşviq edilməsi məsələsi də müzakirə olunmuşdu. Əldə olunmuş razılaşmanın nəticəsi olaraq, Heydər Əliyev Fondunun Ümumdünya Əqli Mülkiyyət Təşkilatına təqdim etdiyi ixtiralar təşkilatın Katibliyində müzakirə olunmuş və 15 ixtiraçıya mükafatların verilməsi qərara alınmışdır.


Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatlar və gender məsələləri bölməsinin rəhbəri xanım Helen Lom çıxışlarında Azərbaycanın birinci xanımının ictimai fəaliyyətinin beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini, Fondun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladılar. Əlillərin cəmiyyətə inteqrasiyası, vətən üçün gərəkli insanlar olduğunu dərk etmələri, bilik və istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlara rahat şərait yaradılması, əməklərinin qiymətləndirilməsi sahəsində Fondun və onun rəhbərinin fəaliyyətinin beynəlxalq qurum tərəfindən diqqətlə izləndiyi bildirildi. Azərbaycanda ilk dəfə olaraq 15 nəfərin ixtirasının medal, diplom və pul mükafatlarına layiq görülməsi də bu fəaliyyətin nəticəsidir.


Mükafatlara layiq görülənlər qayğı və dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və təşkilatın rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, əl işlərini Heydər Əliyev Fonduna hədiyyə etdilər. Sonra xatirə şəkli çəkdirildi.


FOTO