14 noyabr 2007

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində Heydər Əliyev Tədris Mərkəzi açılıb

Noyabrın 14-də Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində Heydər Əliyev Tədris Mərkəzinin açılış mərasimi keçirilmişdir.

 

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev parkında ümummilli liderin abidəsinin önünə əklil qoyaraq xatirəsini ehtiramla yad etmiş, şəkil çəkdirmişlər.

 

Sonra Qars Qafqaz Universitetində mərasim başlanmışdır.

 

Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.

 

Mərasimdə çıxış edən rektor Əbumüslüm Güvən demişdir ki, bir neçə ay öncə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya məktubla müraciət edərək, Qars Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil alan tələbələrin istifadəsi üçün bir mərkəzə ehtiyac olduğunu bildirmişdik. Təklifimizə müsbət cavab verən Mehriban xanım burada ulu öndər Heydər Əliyevin adını daşıyan belə bir nadir mərkəzin yaradılmasında bizə hər cür kömək göstərmişdir.

 

Rektor bildirmişdir ki, 150 kvadratmetr sahəsi olan mərkəzdə Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı dəyərli kitablar toplanmışdır. Mərkəzin yaradılmasında Azərbaycan Respublikasının Qars şəhərindəki baş konsulu Həsən Zeynalov da yaxından iştirak etmişdir. Bu mərkəz xalqlarımız və ölkələrimiz arasında dostluğun, qardaşlığın daha da möhkəmlənməsinə, ikitərəfli əlaqələrin genişlənməsi və dərinləşməsinə xidmət edəcəkdir. Böyük öndər Atatürkün və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mərkəzin girişində həkk olunan kəlamları əslində hər şeyi izah edir: bu mərkəz dostluq və qardaşlığın bariz nümunəsidir. Türkiyənin və Qarsın önəmliliyini çox yaxşı bilən Heydər Əliyevin adını daşıyan bu mərkəzin məhz universitetimizdə yaradılmasından şərəf hissi duyuruq.

 

Türkiyə universitetləri arasında ilk dəfə bu ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açıldığını, burada 60 tələbənin təhsil aldığını və bu sahəyə diqqət və marağın artdığını deyən Əbumüslüm Güvən vurğulamışdır ki, Qars Qafqaz Universiteti ilə Bakı Dövlət Universiteti, Slavyan Universiteti, Naxçıvan və Gəncə universitetləri arasında işbirliyi qurulmuşdur. Qafqaz Universitetini indiyədək 25 azərbaycanlı tələbə bitirmişdir. Hazırda Azərbaycandan gələn 16 tələbə müxtəlif fakültələrdə oxuyur.

 

Sonra çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov demişdir ki, qardaş ölkələr arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Azərbaycan üçün xüsusi əhəmiyyətə malik Qars şəhəri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. O, dəfələrlə bu şəhərə səfər etmiş və Qafqaz Universitetinin fəxri doktoru adına layiq görülmüşdür. Burada Heydər Əliyevin adını daşıyan parkın salınması və onun abidəsinin ucaldılması qarslıların ulu öndərə ehtiramının bariz nümunəsidir. Baş konsul demişdir ki, ümummilli liderimizin fəxri doktor adına layiq görüldüyü universitetdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi sayəsində belə bir mərkəzin yaradılması qürur doğuran hadisədir.

 

Heydər Əliyev Fondunun əməkdaşı Məhəbbət Mehdiyeva Fondun prezidenti Mehriban Əliyevanın mərasim iştirakçılarına unvanladığı müraciəti oxumuşdur. Sonra o, Fondun fəaliyyəti, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumat vermiş, Qafqaz Universitetində Heydər Əliyev Tədris Mərkəzinin yaradılmasının da bu işlərin davamı olduğunu vurğulamışdır.

 

A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Naxçıvan Dövlət Universitetinin prorektoru Məmməd Rzayev, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Xalid Məmmədov mərasimdə çıxış edərək bildirmişlər ki, Türkiyə və Azərbaycan tarixində mühüm rola malik olan Qars şəhərindəki universitetdə mərkəzin açılması Atatürk və Heydər Əliyev ideyalarının təntənəsi, daha sıx birləşməyimizə çağırış deməkdir. Belə mərkəzlərin yaradılması Azərbaycanın və Türkiyənin tarixinin, mədəniyyətinin bir-birinə daha yaxından tanıdılmasında böyük rol oynayacaqdır. Bu gün fəxrlə deyə bilərik ki, ortaq tariximizdəki görkəmli qadın diplomatlarımızın yolunu Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uğurla davam etdirir.

 

Qars bələdiyyəsinin sədri Naif Əlibəyoğlu, Qars valisi Mehmet Ufuk Erden Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayaraq demişlər ki, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri əvəzsizdir və buna görə də Qars Qafqaz Universitetində bu mərkəzin yaradılması tarixi hadisə kimi yaddaşlarda qalacaqdır.

 

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövlərini əks etdirən fotostendlə və sənədlərlə tanış olmuşlar.

 

Məlumat verilmişdir ki, Heydər Əliyev Tədris Mərkəzində Azərbaycanın tarixinə, ədəbiyyatına aid kitabxana, oxu zalı və kompyuter salonu fəaliyyət göstərir. Bu mərkəz Qars Qafqaz Universiteti tələbələrinin, xüsusilə Azərbaycan dili və ədəbiyyatı bölməsində təhsil alan gənclərin ölkəmiz haqqında daha geniş məlumat əldə etmələrinə imkan yaradacaqdır.

 

Sonra mərkəzə hədiyyələr verilmiş və müxtəlif kitablar bağışlanmışdır.