HOLLANDIYA-MAKTAB-FOND-HADIYYA .JPG
30 oktyabr 2007

Hollandiyadakı Azərbaycan məktəbinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim edilib

Ölkəmizdə təhsilə xüsusi qayğı göstərən və onun maddi-texniki bazasının inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Vətənimizin hüdudlarından kənarda açılmış Azərbaycan məktəblərinə də hərtərəfli yardım göstərir. Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə sentyabr ayından ölkənin paytaxtı Amsterdamda fəaliyyətə başlamış Azərbaycan məktəbinin ünvanına Fondun göndərdiyi kompyuter dəsti və dərs ləvazimatından ibarət hədiyyə buna bariz misaldır.


Məktəbdə Fondun hədiyyəsinin təqdimat mərasimindən əvvəl respublikamızın dövlət himni səslənmişdir.


Mərasimi BAK-ın sədri Sahil Qasımov açaraq qonaqları və şagirdləri salamlayaraq bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Hollandiyada yaşayan azərbaycanlı uşaqları da yaddan çıxarmamış və onları hədiyyələrlə sevindirmişdir. Fərəhləndirici haldır ki, bu hədiyyələr Azərbaycandan göndərilmişdir. Qiymətli hədiyyələrə görə konqresimiz adından Mehriban xanım Əliyevaya təşəkkür edir və minnətdarlığımı bildirirəm.


Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək demişdir ki, Azərbaycanda olduğu kimi, burada da doğma dilimizdə məktəbə gedir, adət və ənənələrimizi, tariximizi, ədəbiyyatımızı öyrənmək sahəsində kövrək addımlarınızı atır, biliklərin əsaslarına yiyələnməyə səy göstərirsiniz.


Bu gün sizinlə görüşə Vətəndən uzaqda yaşayan azərbaycanlı şagirdlərin təhsilini yaddan çıxarmayan Mehriban xanım Əliyevanın hədiyyələri ilə gəlmişəm. Bu hədiyyələr ölkəmizdə ilk dəfə məktəbə gedən minlərlə balalarımıza da təqdim olunmuşdur. Artıq gözəl ənənənin ilk təməli qoyulur ki, Heydər Əliyev Fondunun hədiyyələri yalnız Azərbaycanda deyil, Avropanın paytaxtlarından biri olan Amsterdamda azərbaycanlı uşaqlara da təqdim edilir. Mən böyük iftixar hissi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından bu hədiyyələri sizə təqdim edirəm. Ümidvaram ki, bu gün 15 uşağın təhsil aldığı məktəbin şagirdlərinin sayı bir neçə ildən sonra qat-qat artacaqdır.


Səfir Heydər Əliyev Fondunun hədiyyələrini şagirdlərə təqdim etmişdir.


Məktəbdə ana dilini tədris edən müəllim Sima Babayeva Mehriban xanım Əliyevanın qayğıkeşliyini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, YUNESKO-nun Xoşməramlı səfirinin nəcib işləri sözün əsl mənasında bütün azərbaycanlı qadınlar üçün nümunədir.


BAK-ın icraçı direktoru Elman Mustafazadə müstəqil Azərbaycanın dövlət dilinin qürbətdə tədris edilməsindən qürur hissi duyduğunu bildirmiş, Heydər Əliyev Fondunun əməli köməyini yüksək dəyərləndirmiş və demişdir ki, bu qayğı bizi Vətəndən kənarda mədəniyyətimizi və ölkəmizin nailiyyətlərini daha həvəslə təbliğ etməyə həvəsləndirir.


Valideynlərdən Ofelya Babayeva, Lamiyə Mirzəzadə və İlham Babayev hədiyyələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.


Sonda Sima Babayeva şair Tofiq Bayramın “Ana dili” şeirini söyləmişdir.


FOTO