003.jpg
3 fevral 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Astarada və Lənkəranda orta məktəblərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevin Astara və Lənkəran rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə bu rayonlarda inşa edilən məktəblərdə olmuşdur.


Əvvəlcə Astara rayonunun Təngərüd kənd orta məktəbinə gələn Fondun prezidentini məktəblilər, pedaqoji kollektivin nümayəndələri böyük hörmətlə, öz doğma və yaxın adamları kimi qarşıladılar.


Mehriban xanıma məlumat verildi ki, Astarada Heydər Əliyev Fondunun təşəbbüsü ilə üç məktəb binası tikilmişdir. Bunlardan ikisi ucqar dağ kəndlərindədir. Məktəblərin hamısı mərkəzləşdirilmiş istilik sistemi ilə tam təmin edilmişdir.


Fondun prezidenti Təngərüd kənd orta məktəbinin yeni binası ilə yaxından tanış oldu, ayrı-ayrı sinif otaqlarına baxdı, dərs prosesi ilə maraqlandı. Eyni zamanda, kənd məktəbinin köhnə binasına da baxdı kənd sakinləri ilə görüşdü. O, məktəbin köhnə binasının da bərpası ilə bağlı layihənin nəzərdə tutulduğunu bildirdi.


Elə həmin gün Mehriban xanım Əliyeva Lənkəran rayonunun Şağlaküçə kəndində "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilmiş yeni məktəb binası ilə də tanış oldu. Hörmətli qonağı burada böyük səmimiyyətlə qarşıladılar. Heydər Əliyev Fondunun Azərbaycanın hər bir guşəsinə maarif və mədəniyyət işığı saçdığını bildirən lənkəranlılar Mehriban xanıma hədsiz minnətdarlıq etdilər.


Mehriban xanım Əliyeva yeni məktəb binasına baxdı, buradakı mövcud şəraitlə və şagirdlərin dərs prosesi ilə maraqlandı, gələcəkdə bu cür layihələrin ardıcıl davam etdiriləcəyini vurğuladı.


Heydər Əliyev Fondu tərəfindən hər iki təhsil ocağına müxtəlif məktəb ləvazimatları təqdim edilmişdir.


FOTO