001.jpg
6 aprel 2006

Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "Dəyirmi masa" keçirilib

Aprelin 6-da Heydər Əliyev Fondunda "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Respublika hökumətinin, xarici ölkələrin səfirliklərinin, beynəlxalq humanitar təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva açdı.


Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova, Baş nazirin müavini Abid Şərifova, "Azərdövlətbaşlayihə" institutunun direktoru Yaşar Mirzəzadəyə, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Hana Singerə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeyə verildi.


Tədbirə yekun vuran Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva dedi:


- Çox sağ olun! Fond hər zaman əməkdaşlığa hazır olan bir təşkilatdır. Biz bəyan etmişik ki, dövlət qurumu və ya qeyri-dövlət qurumu, yaxud diplomatik korpus tərəfindən olsun - biz hər cür əməkdaşlığa hazırıq.


Hazırda Heydər Əliyev Fondu tərəfindən proqram hazırlayırıq ki, ölkə xaricində - Rusiyada, Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər üçün də ilk mərhələdə belə məktəblər tikilsin. Bu da böyük, geniş bir proqramın ilk mərhələsidir. Gələcək görüşlərdə yəqin ki, bu haqda ətraflı danışacağıq. Təkliflərinizə görə təşəkkür edirik.


Əziz dostlar! Mən sonda inşaatçılara, layihə institutunun əməkdaşlarına, dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, iş adamlarına bir daha öz təşəkkürümü bildirmək istəyirəm ki, onlar çox böyük kömək göstərdilər, bizim birgə səyimizlə bu layihə həyata keçirildi. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin birinci mərhələsi Heydər Əliyev Fondunun cəmiyyətdə mövqeyini nümayiş etdirdi, ən əsası odur ki, böyük inam yaratdı. İradə olan, istək olan yerdə çox problemlər öz həllini tapır, çox işlər görülür. Ona görə mən inanıram ki, ikinci mərhələ də çox uğurla başa çatacaqdır. Bu istiqamətdə biz işlərimizi davam etdirəcək və gələcəkdə daha böyük uğurlar qazanacağıq. Çox sağ olun!


Sonra monitorda ötən il inşa edilən məktəblərin köhnə və yeni binaları, habelə bu il inşasına başlanacaq təhsil obyektlərinin hazırkı vəziyyəti nümayiş etdirildi, yeni layihələrə baxış oldu.


"Dəyirmi masa" iştirakçıları Fondun mədəniyyət, təhsil layihələri, kitablar, dərslik və məktəb ləvazimatlarından ibarət sərgi ilə də tanış oldular.


FOTO