02_MEHRIBAN XANIM - ZAQATALA ORTA MAKTAB.jpg
12 aprel 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Zaqatala və Şəkidə orta məktəblərlə, uşaq evi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva məktəblərdə və uşaq evində olmuşdur.


Aprelin 12-də Zaqatala şəhər 1 nömrəli orta məktəbinə gələn Fondun prezidentini müəllimlər, məktəblilər böyük hörmətlə, doğma və yaxın adamları kimi qarşıladılar.


Mehriban xanıma məlumat verildi ki, 1916-cı ildən fəaliyyət göstərən məktəbdə hazırda 900 şagird təhsil alır. 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bina əsaslı təmir olunmuşdur.


Fondun prezidenti məktəbin ayrı-ayrı sinif otaqlarına baş çəkdi, dərs prosesi və dərs vəsaiti ilə təminatla maraqlandı. O, xalqımızın ümummilli liderinə həsr olunmuş fotoguşəyə, kitabxana fonduna da baxdı, pedaqoji kollektivə gənc nəslin təlim-tərbiyəsində uğurlar arzuladı.


Müəllimlər Azərbaycan təhsilinə həmişə yüksək qayğı göstərən Heydər Əliyev Fonduna və onun prezidentinə minnətdarlıqlarını bildirdilər.


Aprelin 13-də Mehriban xanım Əliyeva Şəki şəhər qarışıq tipli uşaq evində oldu. Hörmətli qonağı burada böyük səmimiyyətlə qarşıladılar. Heydər Əliyev Fondunun təhsil və səhiyyə sahəsində gördüyü işləri yüksək qiymətləndirən pedaqoji kollektiv Mehriban xanıma dərin təşəkkürünü bildirdi.


Mehriban xanım Əliyeva uşaq evinin şəraiti və şagirdlərin dərs prosesi ilə maraqlandı. Məlumat verildi ki, 1936-cı ildə yaradılan və hazırda 80 nəfəri əhatə edən uşaq evində 37 nəfər, o cümlədən 22 pedaqoji işçi çalışır.


Mehriban xanım binanın istilik sistemi ilə maraqlandı, mətbəxi gəzdi, uşaqlara verilən yeməyin keyfiyyətinə, yataq otaqlarına baxdı. Ayrı-ayrı sinif otaqlarının təmiri, lazımi avadanlıqla təmin olunması barədə tədbirlər görüləcəyini vurğuladı, pedaqoji kollektivin tədrislə bağlı toxunduqları məsələlərin öz həllini tapacağını bildirdi.


Burada Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün bayram süfrəsi də açıldı, onlara müxtəlif hədiyyələr paylandı. Uşaqlar hörmətli qonağı Azərbaycanın dövlət himni ilə salamladılar. Mehriban xanım uşaqlarla süfrə arxasında səmimi söhbət etdi. Uşaq evinin direktoru Xuraman Qafarova kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi diqqət və qayğıya görə Fondun prezidentinə təşəkkür etdi.


Bütün uşaqların onun üçün əziz olduğunu bildirən Mehriban xanım dedi ki, Heydər Əliyev Fondunun hər bir əməkdaşı hər zaman sizin yanınızda olmağa hazırdır. Bizim bütün fəaliyyətimiz sizin üçündür. Sizin çox gözəl, parlaq gələcəyiniz var. Gərək siz yaxşı oxuyasınız, böyüyəsiniz, sonra ali məktəbdə təhsilinizi davam etdirəsiniz. Siz bilməlisiniz ki, ətrafınızda böyük və gözəl dostlarınız var. Mən həmişə sizin yanınızda olmağa, sizi eşitməyə hazıram. Sizə uğurlar arzulayıram.


Həmin gün YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şəkinin İnçə kənd orta məktəbinə gəldi. Burada hörmətli qonağı gül-çiçəklə qarşıladılar. Mehriban xanım şagirdlərlə görüşüb onlara yaxşı oxumağı tövsiyə etdi, dərslərində uğurlar arzuladı və məktəblilərlə xatirə şəkli çəkdirdi.


Sonra Mehriban xanım Əliyeva 1937-ci ildə tikilmiş, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunmuş və hazırda 500-dən çox uşağın təhsil aldığı bu məktəbin ayrı-ayrı sinif otaqlarına baş çəkdi, dərslərin gedişi, tədris prosesi ilə maraqlandı, kitabxanaya baxdı. Bildirildi ki, Fond tərəfindən kitabxanaya latın qrafikası ilə nəşr edilmiş dərsliklər, digər ədəbiyyat hədiyyə olunmuşdur.


Müəllimlər Azərbaycanın gələcək nəsillərinin sağlam və savadlı böyüməsi üçün Heydər Əliyev Fondunun və onun prezidentinin gördüyü işləri yüksək qiymətləndirdilər.


FOTO