1.JPG
2 mart 2006

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Tərtər və Bərdə rayonlarında orta məktəblərlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər və Bərdə rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə bu rayonlarda inşa edilən məktəblərdə olmuşdur.


Mehriban xanım əvvəlcə Tərtər rayonunun Düyərli kəndinə gəldi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 100 yerlik məktəbdə dərs prosesi ilə maraqlandı.


Məktəbin kollektivi kənd uşaqlarının təhsilinə göstərdiyi diqqətə görə Fondun prezidentinə minnətdarlıqlarını ifadə etdilər. Məktəbin ehtiyacları ilə maraqlanan Mehriban xanıma məlumat verildi ki, bu təhsil ocağı kifayət qədər dərslik və müasir avadanlıqla təchiz olunmuşdur.


YUNESKO-nun xoşməramlı səfiri məktəbin köhnə sinif otaqlarına da baş çəkdi, tədrisin gedişi ilə tanış oldu. O, Heydər Əliyev Fondu tərəfindən yaxın vaxtlarda bu köhnə tikililərin yerində yeni tədris korpusunun və kitabxana binasının tikiləcəyini bildirdi.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər rayonunda tikilmiş digər məktəb isə Sarıcalı kəndində yerləşir. Yaradılmış şəraitlə tanışlıq göstərdi ki, məktəb qısa vaxtda tikilsə də, inşaat və tamamlama işləri yüksək səviyyədə görülmüşdür. Məktəb ən müasir tədris avadanlığı ilə təchiz olunmuşdur. Məlumat verildi ki, məktəb 100 yerlikdir. Lakin burada 200 uşaq təhsil alır. Mehriban xanım Əliyeva bildirdi ki, yaranmış çətinliyi aradan qaldırmaq məqsədi ilə Heydər Əliyev Fondu köhnə binaların yerində yeni korpusun tikilməsi barədə qərar qəbul etmişdir.


Sonra Mehriban xanım Bərdə rayonunun Yeni Daşkənd kəndinə gəldi. Milli Qəhrəman Yusif Kərimovun adını daşıyan 240 yerlik kənd məktəbi də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Uzun illər ağır şəraitdə kənd uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmuş müəllimlər rahat, yaraşıqlı, bütün dərsliklər və tədris ləvazimatları ilə təchiz olunmuş məktəbin tikilməsini Heydər Əliyev Fondunun, onun prezidentinin kənd camaatına çox böyük hədiyyəsi kimi qiymətləndirdilər.


Mehriban xanım Əliyeva müəllimlərin qayğıları, onları düşündürən məsələlərlə də maraqlandı. Müəllimlər Heydər Əliyev Fondunun müxtəlif sahələrdə həyata keçirdiyi genişmiqyaslı layihələrin Azərbaycanın tərəqqisində, milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin təlim-tərbiyəsində, sağlamlığının qorunmasında əhəmiyyətli rolundan razılıqlarını ifadə etdilər.


Fondun prezidenti bildirdi ki, yaxın vaxtlarda Bərdə rayonunda daha yeni 3 məktəb tikiləcəkdir.


Mehriban xanım Əliyeva məktəblə tanışlıqdan sonra kənd sakinləri ilə də görüşüb söhbət etdi.


FOTO