011.jpg
9 may 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yeni Türkan qəsəbəsindəki 256 nömrəli əsas məktəbin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər

Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yeni Türkan qəsəbəsindəki şəhid Nizami Sərxanov adına 256 nömrəli əsas məktəbin yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

 

Sakinlər dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə salamladılar, uşaqlar əziz qonaqlara gül-çiçək təqdim etdilər.

 

Ölkəmizin rəhbəri və xanımı qəsəbədəki fəaliyyətdə olan bu yeganə məktəbə baxdılar. Məlumat verildi ki, 1930-cu ildə fəhlə yataqxanası üçün tikilən bina 1972-ci ildən məktəb kimi istifadə olunur. Sinif otaqları çatışmadığından, 10-11-ci sinif şagirdləri təhsillərini 5-6 kilometr aralıda yerləşən Hövsandakı orta məktəbdə davam etdirməli olurlar ki, bu da çox böyük çətinliklər yaradır.

 

Darısqal, yararsız sinif otaqlarına baxan Azərbaycan Prezidenti belə binada normal təlim-tədris prosesinin təşkilinin mümkünsüzlüyünü bildirdi, yeni məktəb binasının, həqiqətən də, zəruri olduğunu vurğuladı.

 

Prezident İlham Əliyev və xanımı sonra inşasına başlanan və 300 şagird üçün nəzərdə tutulan yeni məktəb binasının layihəsi ilə tanış oldular. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ikinci mərhələsi çərçivəsində tikilən bina 2 mərtəbədən ibarət olacaqdır. Yeni məktəbdə sinif, kompyuter otaqları ilə yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, ingilis dili kabineti, idman salonu, istilik sistemi, müəllim və şagirdlər üçün ictimai iaşə obyekti olacaq, yaxınlıqda futbol meydançası tikiləcək, istirahət guşələri, yaşıllıqlar da yaradılacaq, bura əsil abad şəhərciyə çevriləcəkdir.

 

İnşaatçılar bildirdilər ki, təhsil ocağı yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Bunun üçün təcrübəli işçi qüvvəsi, müasir texnika, tikinti materialları vardır, avadanlığın da əsas hissəsi sifariş edilmişdir. Tikintiyə yerli sakinlər də cəlb ediləcəkdir.

 

Azərbaycan Prezidenti və xanımı layihə ilə tanışlıqdan sonra, "Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə əsasən tikilir, 9 may, 2006-cı il" sözləri yazılmış kağızı gilizə qoyaraq özülə atdılar, bünövrəyə ilk beton qarışığını tökdülər.

 

Qəsəbə sakinləri uzun illərdən bəri bu günü həsrətlə gözlədiklərini bildirərək, Prezident İlham Əliyevə və xanımına təşəkkürlərini bildirdilər, onlara ən xoş arzularını çatdırdılar. Onlar Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü kimi fəaliyyətini yüksək qiymətləndirdilər, seçkiqabağı vədlərinin əksəriyyətini qısa müddətdə yerinə yetirmiş deputatın təcrübəsinin, seçicilərlə ünsiyyət mədəniyyətinin, sadəlik və səmimiyyətinin əsil örnək olduğunu vurğuladılar.


FOTO