002.jpg
10 may 2006

"Şimal DRES" yaşayış massivində 10 nömrəli bağçanın yenidənqurmadan sonra açılışı olub

Mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Şimal DRES" yaşayış massivində 10 nömrəli bağçanın yenidənqurmadan sonra açılışında iştirak edib.

 

"Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində həyata keçirilən yenidənqurma işləri ötən əsrin 40-cı illərində inşa edilmiş bu köhnə binanın əvvəlki arxitektura görkəmi saxlanılmaqla, simasını tamamilə təzələmişdir. Bağça müasir avadanlıqla, təzə yataq dəstləri, çarpayılar, oyuncaqlarla təmin edilmiş, binada istilik sistemi quraşdırılmış, həyətdə uşaqların gəzintisi, müxtəlif oyunların keçirilməsi üçün xüsusi sahə yaradılmışdır. Buraya gələn əvvəlki çala-çuxur yolun əvəzində indi geniş, asfalt döşənmiş, ətrafına sıx cərgələrlə küknar ağacları əkilmiş yol salınmışdır. Bağçanın açılış mərasimində iştirak edən Mehriban xanım Əliyevanı səmimiyyətlə qarşılayan tərbiyəçi-müəllimlər, valideynlər bütün bunlara görə ona təşəkkürlərini bildirdilər.

 

Mehriban xanım qəsəbə sakinlərini və 23 nəfər işçisi olan bu kollektivin üzvlərini belə bir obyektin inşası münasibətilə təbrik etdi, valideynlərə uşaqlarını hər zaman sağlam görməyi arzuladı. Sakinlər az müddətdə belə dəyərli işin görülməsini əsil fədakarlıq kimi qiymətləndirdilər, Milli Məclisin deputatının verdiyi vədlərə ardıcıl, dəqiq əməl etməsinin xüsusi razılıq doğurduğunu söylədilər.

 

Mehriban xanım 200-dən çox uşağın təlim-tərbiyəsi üçün burada yaradılan şəraitlə yaxından tanış oldu, görülən işləri müsbət dəyərləndirdi, tövsiyələrini bildirdi, böyüməkdə olan nəslin sağlamlığının, tərbiyəsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, rayonun digər uşaq tərbiyə müəssisələrində də belə nümunəvi şəraitin yaradılacağını vurğuladı.


FOTO