003.jpg
10 may 2006

Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsinin açılışı olub

Mayın 10-da Mehriban Əliyeva Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsinin açılışında iştirak edib.

 

Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsi uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətə düşmüşdü. Fondun prezidenti Mehriban xanım Əliyeva ötən gəlişində buradakı vəziyyətlə yaxından tanış olaraq, Bakının bütün uşaq evləri və internat məktəblərində böyüyən uşaqların yay istirahəti üçün burada lazımi şəraitin yaradılması ideyasını irəli sürdü. Fondun əməkdaşlarına tapşırıq verdi ki, təcrübəli mütəxəssislər cəlb olunaraq, geniş ərazidə yay düşərgəsi yaradılması üçün layihə hazırlansın. Layihə Mehriban xanımın şəxsən iştirakı ilə baxılaraq, əlavələrlə birlikdə qəbul ediləndən dərhal sonra tikinti işlərinə başlandı. Qısa müddət ərzində burada əsil uşaq şəhərciyi yaradılmışdır. Yaşıllıqlarla əhatələnmiş hovuz, rahat istirahət guşələri, tennis kortları, rəngbərəng gül-çiçək kolları göz oxşayır.

 

Buradan gələn musiqi sədaları hələ uzaqdan eşidilirdi. Al-əlvan gül-çiçəyə qərq olmuş həyətdə Mehriban xanımı uşaq evinin "Azəri" mahnı və rəqs ansamblı oynaq rəqslərlə qarşıladılar.

 

Düşərgənin yataq, iaşə və inzibati binalardan ibarət hər 3 korpusunu gəzən Mehriban xanım ən müasir avadanlıqla, inventarlar komplektləşdirilmiş binalardakı səliqə-sahmandan, tikinti işlərinin keyfiyyətindən razılığını bildirdi, burada arzusunda olduğu mənzərəni görməsindən sevindiyini gizlətmədi. Dedi ki, ən böyük arzusu bütün uşaq evlərində belə şərait görməkdir və yəqin ki, yaxın illərdə belə də olacaqdır. Çünki yalnız belə rahat şərait və tərbiyəçi müəllimlərin, cəmiyyətin bütün təbəqələrinin xoş, qayğıkeş münasibəti uşaqların ata-anasızlıq dərdini azalda bilər.

 

Düşərgənin müdiri Nərminə Zöhrabova belə bir nümunəvi şəhərciyi onlara bəxş edən Mehriban xanıma minnətdarlıq etdi, bu xeyirxahlığın həmişə yaddaşlarda qalacağını vurğuladı, savab əməl sahibinə və onun ailəsinə, övladlarına Allahdan xoşbəxtlik dilədi.

 

Qəsəbə ağsaqqalı Cümşüd Muradov burada quraşdırılan təzə yüksəkgərginlikli transformatordan ətraf məhəllələrin də istifadə etdiyini minnətdarlıq hissi ilə bildirdi.

 

Mehriban xanım uşaqlarla, qəsəbə sakinləri, kollektivin üzvləri ilə xatirə şəkli çəkdirdi.

 

Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə həmin gün burada Bakının müxtəlif uşaq evi və internat məktəblərində tərbiyə olunan uşaqların iştirakı ilə düşərgədə musiqili bayram axşamı təşkil edildi. Respublikamızın tanınmış müğənniləri uşaqlara unudulmaz sevinc bəxş etdilər.


FOTO