11 may 2006

Zaqatala rayonunun Faldarlı kəndində 240 yerlik yeni məktəb binası istifadəyə verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının respublikamızda böyük sevgi və ehtiramla qeyd edilən 83-cü ildönümü Zaqatala rayonunun təhsil işçiləri üçün də əlamətdar və yaddaqalan olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, ulu öndərin doğum günündə Zaqatala rayonunun Faldarlı kəndində 240 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.

 

Şəhid Cövdət Səmədov adına kənd məktəbində bu münasibətlə keçirilən təntənəli mərasimdə çıxış edənlər binanın məhz belə bir əlamətdar gündə istifadəyə verilməsini rayonun həyatında çox mühüm hadisə kimi qiymətləndirmiş, bu dəyərli hədiyyəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya müəllim və şagirdlər, kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirmişlər.

 

Mərasimdə çıxış edən şəhid anası Gülzar Səmədova onlara göstərilən diqqət və qayğıya, habelə oğlunun adını daşıyan məktəbin yeni binasının istifadəyə verilməsinə görə Prezident İlham Əliyevə və Fondun rəhbərliyinə ailə üzvlərinin təşəkkürünü və xoş arzularını çatdırmışdır.

 

Sonra mərasim iştirakçıları yeni təhsil ocağı ilə yaxından tanış olmuşlar.