004.jpg
15 iyun 2006

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsində tikiləcək yeni məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər

İyunun 15-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsində tikiləcək yeni məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər


Azərbaycan Prezidenti və xanımı qəsəbənin girəcəyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş alaqapıya baxdılar. Burada istirahət guşəsi yaradılmış, oturacaqlar qoyulmuş, su xətti çəkilmişdir.

 

Prezident İlham Əliyev Əzizbəyov rayonunun elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə inşa edilmiş yeni yardımçı stansiyada gedən son tamamlama işləri ilə də tanış oldu. Məlumat verildi ki, yaxın beş-altı günə stansiya işə düşəcək və bundan sonra ətraf qəsəbələrin elektrik enerjisinə olan tələbatı da tam ödəniləcək, digər yardımçı stansiyalarda əlavə yüklənmə olmayacaqdır.

 

Azərbaycan Prezidenti İlham Əliyev Binə qəsəbəsində elektrik enerjisi çatışmazlığının aradan qaldırılması üçün görülən işləri müsbət dəyərləndirdi, ümumiyyətlə Bakıətrafı qəsəbələrin elektrik enerjisi ilə etibarlı, fasiləsiz təminatı üçün bir sıra sənədlər imzaladığını, bu məsələnin tam həllini tapması üçün "Azərenerji"nin qarşısında ciddi vəzifələr qoyulduğunu, respublika hökumətinin də bu işlərə yardımçı olacağını bildirdi.

 

Əsaslı təmir olunmuş Şəhid Ərəstun Bəylərovun adını daşıyan 70 nömrəli uşaq bağçası-körpələr evinin kollektivi Prezident İlham Əliyevi və xanımını gül-çiçəklə qarşıladı.

 

Uşaq bağçası ilə tanışlıq zamanı Prezidentə məlumat verildi ki, qəza vəziyyətində olan bu təlim-tərbiyə ocağı deputat Mehriban xanım Əliyevaya müraciətdən sonra yenidən quruldu, musiqi salonu tikildi, müasir avadanlıq alındı. İndi əlavə qruplar da açılacaqdır, uşaqların sayı 100-dən çox olacaqdır. Bunun üçün artıq hər cür şərait vardır.

 

Buraya toplaşan valideynlər, tərbiyəçilər uşaqlara göstərilən diqqət və qayğıya görə kollektiv adından Prezidentə və xanımına minnətdarlıq etdilər, onlara nəvə görməyi arzuladılar.

 

Sonra Prezident İlham Əliyev və Mehriban xanım Binə qəsəbəsində 1176 şagird yerlik orta məktəb binasının təməlqoyma mərasimində iştirak etdilər.

 

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, əvvəllər dərslər bir-birindən uzaqda yerləşən iki binada keçirilirdi, bu da tədrisin səviyyəsinə mənfi təsir göstərir, obyektiv çətinliklər yaradırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ikinci mərhələsi çərçivəsində tikiləcək bu bina 2 mərtəbədən ibarət olacaqdır. Yeni məktəbdə sinif, kompyuter otaqları ilə yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, ingilis dili kabineti, idman salonu, istilik sistemi, yeməkxana da olacaq, yaxınlıqda futbol meydançası tikiləcək, istirahət guşələri yaradılacaq, bura abad şəhərciyə çevriləcəkdir.

 

Yeni dərs ilinədək Əzizbəyov rayonunda 5 yeni məktəb binası tikiləcək, bununla da rayonda bu sahədə mövcud problemlər həll olunacaqdır. Mayın 9-da təməli qoyulan Türkan məktəbinin tikintisi də sürətlə davam edir. Sentyabrın 15-də paytaxtda yeni avadanlıqla təmin edilmiş 35 yeni məktəbin açılışı olacaqdır.

 

Tikinti işlərini aparan "Rabitə-inşaat" ASC-nin nümayəndələri bildirdilər ki, təhsil ocağı yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Bunun üçün təcrübəli işçi qüvvəsi, müasir texnika, tikinti materialları vardır, avadanlığın da əsas hissəsi sifariş edilmişdir. Tikintiyə yerli sakinlər də cəlb olunacaqdır.

 

Mərasimə toplaşan qəsəbə sakinləri bu günü çoxdan həsrətlə gözlədiklərini bildirərək, Prezident İlham Əliyevə və xanımına təşəkkür etdilər, onlara ən xoş arzularını çatdırdılar. Onlar Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək qiymətləndirdilər, seçkiqabağı vədlərinin əksəriyyətini qısa müddətdə yerinə yetirmiş deputatın təcrübəsinin, seçicilərlə ünsiyyət mədəniyyətinin, sadəlik və səmimiyyətinin əsl örnək olduğunu vurğuladılar. 15 iyun Milli qurtuluş gününün müasir tariximizdəki rolu vurğulanaraq bildirildi ki, Azərbaycanın inkişaf yoluna çıxması, siyasi sabitliyi, iqtisadi tərəqqisi məhz 1993-cü ilin bu günündən - ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışları ilə ikinci dəfə respublikamızda siyasi rəhbərliyə qayıdışından başlanır.

 

İLHAM ƏLİYEV: Doğrudan da bu gün çox tarixi bir gündür. Azərbaycanın yeni inkişaf dövrü məhz iyunun 15-dən sonra başlanmışdır. Əgər keçmişə nəzər salsaq görərik ki, o vaxt Azərbaycan hansı vəziyyətdə idi, hansı proseslər gedirdi. İndi Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkəsidir. Təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, sosial məsələlərin həllində də böyük nailiyyətlərimiz var. Bu məktəbin təməlinin qoyulması özlüyündə bunun əyani sübutudur. Bu gün yeni yardımçı stansiyanın açılışı oldu və bir həftədən sonra işə salınacaqdır. Qəsəbədə işıq problemi olmamalıdır. Fondun xətti ilə əsaslı təmir edilmiş uşaq bağçasının açılışı oldu. Mən baxdım, orada uşaqlar üçün çox gözəl şərait var. Bilirsiniz ki, indi Azərbaycanda məktəb tikintisi çox geniş vüsət alıbdır. Keçən il 300-dən çox məktəb tikilibdir. Bu il artıq Bakıətrafı qəsəbələrdə də məktəblərin tikintisi başlayır. Xüsusi proqram var və hər bir qəsəbədə məktəb, uşaq bağçası tikiləcək, bütün başqa məsələlər də öz həllini tapacaqdır. Fondun xətti ilə keçən il 132 məktəb tikilib, bu il isə 100 məktəb tikiləcəkdir. Bu iş əvvəlcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmışdı. Sonra biz də bu təşəbbüsə qoşulduq. Gərək Azərbaycanın bütün məktəblərini yüksək dərəcədə şəraitlə təmin edək. Azərbaycanda 4500 məktəb var. Mən təhsil nazirinin qarşısında vəzifə qoymuşam ki, onların hamısı üçün gərək ya yeni binalar tikilsin, yaxud da binalar əsaslı təmir olunsun. Uşaqlar gərək yaxşı şəraitdə oxusunlar, müəllimlər də gərək yaxşı şəraitdə işləsinlər. Bu, çox lazımdır.

 

Sakinlərlə səmimi söhbətdən sonra Prezident İlham Əliyev və millət vəkili Mehriban xanım Əliyeva məktəbin layihəsi ilə tanış oldular.

 

Prezident və xanımı "Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə əsasən tikilir, 15 iyun, 2006-cı il" sözləri yazılmış kağızı gilizə qoyaraq özülə atdılar, buraya toplaşanların alqışları altında bünövrəyə ilk beton qarışığını tökdülər.


FOTO