27 dekabr 2006

Heydər Əliyev Fondu təhsilə qayğısını xaricdə də nümayiş etdirir

Bu günlərdə Heydər Əliyev Fondunun nümayəndə heyəti "Təhsilə dəstək" layihəsi çərçivəsində Rusiya paytaxtındakı 157 saylı etno-mədəni təmayüllü məktəbdə olmuşdur. Nümayəndə heyəti təhsil ocağına 10 ədəd kompyuter dəsti, rəngli printer, 2 ədəd surətçıxarma aparatı hədiyyə etmişdir. Bundan əlavə, Fondun köməyi ilə bu təhsil ocağında oxuyan şagirdlərin sürətli internet xətti və kompyuter şəbəkəsi də vardır.


Moskvadakı bu təhsil ocağı tarixi vətənindən uzaqda yaşayan yeni nəsillərin öz dillərinə, mədəniyyətlərinə yiyələnmək imkanı baxımından mühüm əhəmiyyət daşıyır. Təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondunun köməyi sayəsində bu məktəbdə oxuyan hər bir uşaq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, təbiəti, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə ətraflı məlumatlar da əldə edə biləcəkdir. Fond məktəb kitabxanasına müxtəlif nəşrlər, habelə yurdumuzun təbiətini əks etdirən böyük fotoekspozisiya da təqdim etmişdir. Demək olar ki, artıq məktəbdə Azərbaycanın kiçik bir guşəsi var.

 

Məktəbin özfəaliyyət kollektivinin üzvləri isə bundan sonra Heydər Əliyev Fondunun hədiyyə etdiyi milli geyimlərimizdə, milli musiqi alətlərimizin müşayiəti ilə çıxış edəcəklər.