29 sentyabr 2006

Heydər Əliyev Fondu tədrisin gürcü dilində aparıldığı məktəblərə yeni dərsliklər və məktəb ləvazimatı hədiyyə edib

Heydər Əliyev Fondu "Təhsilə dəstək" proqramı çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarının tədrisin gürcü dilində aparılan məktəblərinin I-II sinif şagirdlərinə yeni dərsliklərin və məktəb ləvazimatının təqdim edilməsi münasibətilə sentyabrın 29-da Qax rayonunun Qax-İngiloy kənd orta məktəbində mərasim keçirmişdir. Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Təhsil Nazirliyinin şöbə müdiri əvəzi Faiq Şahbazlı, rayonların təhsil şöbələrinin rəhbərləri, media nümayəndələri iştirak edirdilər.


Qax-İngiloy kənd məktəbində Fondun nümayəndələrini və digər qonaqları mehribanlıqla qarşıladılar. Məktəblilərin ifasında Azərbaycan və gürcü dillərində dostluğu tərənnüm edən şeirlər səsləndi, milli rəqslər ifa olundu. Sonra qonaqlar sinif otaqlarını gəzərək, müəllim və şagirdlərlə səmimi söhbət etdilər.

 

Dərsliklərin təqdim edilməsi mərasimində çıxış edən deputat Qənirə Paşayeva ölkəmizin inkişafında təhsilin böyük rolunu xatırladaraq dedi ki, bu məsələ Heydər Əliyev Fondunun fəaliyyətinin də əsas istiqamətlərindən biridir. Hazırda Fondun xətti ilə respublikanın şəhər və rayonlarında, ucqar yaşayış məntəqələrində irimiqyaslı layihələr həyata keçirilir, təkcə son iki ildə ölkəmizdə 200-dən artıq yeni məktəb binası və əlavə korpuslar tikilib istifadəyə verilmişdir və bu iş davam etdirilir.

 

O, Prezident İlham Əliyevin qonşu ölkələrlə, o cümlədən Gürcüstanla münasibətlərin daha da genişlənməsinə, təhsil və digər sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq dedi ki, Heydər Əliyev Fondu bu sahədə də əməli tədbirlər görür. "Pedaqogika" nəşriyyatının yaxından iştirakı ilə respublikada tədrisin gürcü dilində aparılan məktəblərin I-II sinif şagirdləri üçün yeni dərsliklər nəşr edilmişdir. İndi məktəb rəhbərlərinə təqdim ediləcək dərslik və məktəb ləvazimatı YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın respublikamızda yaşayan milli azlıqların təhsilinin inkişafına diqqət və qayğısının daha bir nümunəsidir. Gələcəkdə bu proqram çərçivəsində yuxarı sinif şagirdləri üçün də yeni dərsliklər nəşr olunacaqdır.

 

Təhsil Nazirliyinin şöbə müdiri əvəzi Faiq Şahbazlı "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı, Qax rayonu İcra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva, təhsil şöbəsinin müdiri Məmməd Xasıyev mərasimdə çıxış edərək, Azərbaycan təhsilinin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğuladılar, eyni zamanda, Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki səmərəli fəaliyyətini yüksək qiymətləndirdilər.

 

Qax-İngiloy kənd məktəbinin direktoru Natella Otaraşvili dəyərli hədiyyələrə və balacalara sevinc bəxş etdiyinə görə təhsil ocağının müəllim-şagird kollektivi adından Fondun rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

 

Sonra Heydər Əliyev Fondu tərəfindən göndərilən dərsliklər və məktəb ləvazimatı təntənəli surətdə Qax, Zaqatala və Balakən rayonları təhsil şöbələrinin nümayəndələrinə təqdim edildi. Respublikamızın görkəmli alimlərinin müəllifliyi ilə çapa hazırlanan və "Pedaqogika" nəşriyyatında nəşr olunan "Ana dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərslikləri milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, tarix və mədəniyyətimizin öyrədilməsi və təbliği baxımından əvvəlki dərsliklərdən xeyli fərqlənir.

 

Mərasimdə Qax rayonunun məktəblərinə I-II sinif şagirdlərinə hər üç fənn üzrə ümumilikdə 546 dərslik, Zaqatala rayonunun məktəblərinə 213, Balakən rayonunun məktəblərinə isə 90 dərslik, habelə içərisində geniş çeşiddə məktəb ləvazimatı olan 265 ədəd məktəbli çantası hədiyyə edildi.