04_PREZIDENT - SAFAR - BAKI KANDLARI - TURKAN - MAKRAB.jpg
30 dekabr 2006

Türkan qəsəbəsində yeni məktəb binası istifadəyə verilib

Dekabrın 30-da Əzizbəyov rayonunun Türkan qəsəbəsində Nizami Sərxanov adına 256 nömrəli məktəb istifadəyə verilmişdir.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı məktəb binasının qarşısına toplaşan müəllimlər və şagirdlər hərarətlə qarşıladılar.

 

Direktor Vasif Məmmədov bildirdi ki, təməli Prezident tərəfindən 2006-cı ilin mayında qoyulmuş məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilmişdir. İkimərtəbəli təhsil ocağında 15 sinif otağı, fənn kabinetləri, kompyuter sinfi, kitabxana, idman salonu vardır.

 

Azərbaycanın dövlətinin başçısı məktəbin birinci mərtəbəsində "Azərbaycanın dövlət rəmzləri", ulu öndərin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən guşələrə, təməlqoyma mərasiminə, bu ərazinin əvvəlki və indiki vəziyyətinə aid fotoşəkillərə baxdı. Prezident İlham Əliyev sinif otaqlarını, fənn kabinetlərini, əmək, tibb, kompyuter otaqlarını gəzdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondu tərəfindən kompyuter dəstləri ilə təmin olunmuş və internetə qoşulmuşdur. Məktəbin futbol, basketbol, voleybol meydançaları da var.

 

Azərbaycan Prezidenti məktəbin müəllim və şagirdlərini təbrik edərək dedi ki, yəqin yadınızdadır, bu ilin may ayında məktəbin təməlini birlikdə qoyduq. İndi gözəl məktəb tikilib, gərək uşaqlar da yaxşı oxusunlar. Mənim yadımdadır, buradakı köhnə məktəb nə vəziyyətdə idi. İndi burada uşaqların yaxşı təhsil almaları üçün yüksək şərait var, ən yüksək səviyyə var. Əsas odur, uşaqlar yaxşı oxusunlar. Kompyuter sinfi var, gözəl idman meydançaları, işıqlı, geniş sinif otaqları var. Müəllimlər üçün də, uşaqlar üçün də yaxşı şərait yaradılmışdır. Sizi məktəbin istifadəyə verilməsi və qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm.

 

Onlara gözəl şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirən müəllimlər Prezidenti və xanımını bayramlar münasibətilə təbrik etdilər.


FOTO