0.JPG
28 dekabr 2004

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Xətai rayonundakı 3 nömrəli uşaq evində olub

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dekabrın 28-də Bakının Xətai rayonundakı 3 nömrəli uşaq evində olmuş, burada Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə təşkil olunmuş şənlikdə iştirak etmişdir.


Hörmətli qonağı böyük sevgi və məhəbbətlə qarşılayan uşaqların nümayiş etdirdikləri ədəbi-bədii kompozisiya, Şaxta baba və Qar qızın bir-birindən maraqlı və məzəli söhbətləri hamıda xoş ovqat doğurdu.


Mehriban xanım Əliyeva uşaqları əlamətdar bayramlar münasibətilə təbrik etdi, buradakı şəraitlə, istedadlı uşaqların rəsmləri və tikiş nümunələri, xalça, kompüter otaqları, kitabxana, mətbəx, yeməkxana ilə tanış oldu, uşaq evinə kondisioner bağışladı.


Fondun prezidenti xəstə yatan 4 yaşlı Həcər Əlimirzəyevaya da baş çəkdi, ona Allahdan şəfa dilədi, müalicəsi üçün lazım olan işlərin görülməsi barədə tapşırıqlar verdi. O bildirdi ki, kimsəsiz uşaqların bütün ehtiyacları bundan sonra da ödəniləcəkdir.


Uşaq evinin müdiri Zöhrə Hüseynova xeyirxah işlərinə görə Mehriban xanıma minnətdarlığını bildirdi. O dedi ki, 130 nəfərin tərbiyə aldığı uşaq evində sənətə yiyələnmək üçün şərait yaradılmışdır.


Burada uşaqlar, əsasən, kompüterdə mətnlərin yığılmasını öyrənir, dərzilik peşəsinə və digər sənətlərə yiyələnirlər.


Sonda Mehriban xanım Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdi.


FOTO

Paylaş: