11 aprel 2013

Həştərxan şəhərindəki Heydər Əliyev adına orta məktəbdə ümummilli liderin 90 illik yubileyi qeyd edilir

Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş bir sıra tədbirlər keçirilir.


Məktəbdə “Heydər Əliyev irsi” mövzusunda şagirdlərin yaradıcılıq işlərindən ibarət müsabiqə, “Mənim sevimli məktəbim Heydər Əliyev adına 11 nömrəli məktəbdir” adlı məktəbli rəsmləri müsabiqəsi, məktəbin Rusiya-Azərbaycan Dostluğu Muzeyinin ekspozisiyası üzrə bələdçilərin müsabiqəsi elan edilib, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərs saatları, açıq dərs və söhbətlər, “Məktəbi daha təmiz saxlayaq!” dostluq iməciliyi keçiriləcək. Yubiley şənlikləri günlərində məktəbin akt zalında Heydər Əliyev Fondu adından müsabiqələrin qalibləri mükafatlandırılacaq, məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə ənənəvi mükafatlar təqdim ediləcək.