1.gif
8 iyun 2013

Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz açılıb

İyunun 8-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidənqurmadan sonra açılışı olub.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bosniya və Herseqovinanın dövlət rəsmiləri açılış mərasimində iştirak ediblər.


Mərkəz Bosniya və Herseqovinadan və həmçinin regiondan olan kor və zəif görən tələbələrin biliklərə yiyələnmələri məqsədini daşıyan dövlət müəssisəsidir. 1947-ci ildə yaradılan mərkəz görmə qabiliyyətini itirən uşaqlar üçün tədris müəssisəsi kimi fəaliyyət göstərir.


Mərkəzin direktoru Damir Ovçina Leyla Əliyevaya məlumat verdi ki, iki korpusdan ibarət mərkəz müasir standartlara uyğun sürətdə yenidən qurulub. Bu, müəssisənin fəaliyyətini kompleks şəkildə həyata keçirməyə imkan yaradır.


Leyla Əliyeva mərkəzin əvvəlki görüntülərini əks etdirən stendə baxdı. Qeyd edildi ki, mərkəzdəki müasir idman zalı kollektivin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən sonra layihəyə əlavə olunub.


Mərkəzlə tanışlıq zamanı uşaqların hazırladıqları musiqi proqramı təqdim edildi.


Qeyd edək ki, mərkəz məktəbəqədər, həmçinin ibtidai təhsili təşkil edir və həyata keçirir, kor və zəif görən uşaqların hər hansı sənətə yiyələnmələri üçün onları tərbiyələndirir. Bu qəbildən olan gənclər burada təhsil prosesi, sonradan görmə qabiliyyətini itirən tələbələr isə reabilitasiya mərhələsini keçirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəz kor və zəif görən gənclərin təhsilə və müxtəlif peşələrə yiyələnmələri üçün tamamilə yeni standartlar təklif edir.


Mərkəzin açılışına həsr olunan mərasimdə çıxış edən müəssisəsinin direktoru Damir Ovçina bildirdi ki, cəmi bir neçə ay əvvəl yararsız vəziyyətdə olan binada indi tədris üçün yüksək şərait var. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edən Damir Ovçina 5000 kvadratmetr sahədə aparılan yenidənqurma işlərinin təhsilin səviyyəsinə təsirsiz ötüşməyəcəyini qeyd etdi.


Kor və Zəif Görən Uşaqlar Assosiasiyasının rəhbəri Yenisa Zimiç valideynlər və şagirdlər adından Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi.


Bosniya və Herseqovinanın elm və təhsil naziri Damir Maşiç ölkəsinin baş naziri Nermin Nikşiçin adından Heydər Əliyev Fonduna minnətdarlıq etdi. Damir Maşiç Sarayevoda bir çox layihələr reallaşdıran Heydər Əliyev Fondunun mərkəzin yenidən qurulmasındakı əməyinin bu qəbildən olan uşaqlara öz potensiallarından geniş istifadə etməyə imkan verdiyini diqqətə çatdırdı. Bosniya rəsmisi Leyla Əliyevaya tərifnamə və xatirə hədiyyəsi təqdim etdi.


Sarayevo şəhəri Novi Qrad rayonu bələdiyyəsinin sədri Semir Efendiç Heydər Əliyev Fondunun bələdiyyə ərazisində ikinci layihəsinin həyata keçirilməsindən məmnun olduğunu bildirdi və bu mərkəzin ölkə üçün əhəmiyyətindən danışdı.


Bosniya və Herseqovina parlamentinin deputatı Adnan Vaşiç də fiziki imkanları məhdud uşaqlara göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna minnətdarlıq etdi.


Mərkəzdə təhsil alan uşaqlar hazırladıqları əl işlərini Leyla Əliyevaya hədiyyə etdilər.


Tədbirdə Leyla Əliyeva da çıxış etdi: “Biz bu mərkəzin yenidən qurulmasında iştirak etməyimizdən məmnunuq. On il əvvəl yaradılmış Heydər Əliyev Fondu dünyanın hər yanında mədəniyyət, təhsil, səhiyyə və xeyriyyəçilik sahələrində bir çox proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə Azərbaycanda 400 məktəb tikilib, həmçinin Gürcüstanda, Rusiyada, Türkiyədə, Rumıniyada, Pakistanda, Hollandiyada və Misirdə müasir təhsil ocaqları inşa edilib. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edərək gözdən əlil uşaqlara yardım edib. Fond UNİCEF, UNESCO, İSESCO, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.


Leyla Əliyeva dedi ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda parkın və gözəl körpünün salınması, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması xalqlarımızın yaxın keçmişinə ehtiramının nümunəsidir.


Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə məlumat verən Leyla Əliyeva tarixi ədalətin öz yerini tapacağına əminliyini ifadə etdi.


Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan mərkəzin açılışı yerli media tərəfindən geniş işıqlandırılıb. Leyla Əliyeva yerli jurnalistlərə müsahibə verib.


Sonra mərkəzin həyətini gəzən Leyla Əliyevaya məlumat verildi ki, mərkəzdə dərslər mütəmadi qaydada keçirilir. Uşaqlar bu müəssisəyə Bosniya və Herseqovinanın bütün regionlarından gəlir, bir çoxları məktəb-internatda yaşayırlar. Tədrisə tarix, ekologiya, ədəbiyyat, jurnalistika, kukla teatrı, debatlar klubu, xarici dillər, riyaziyyat, musiqi, idman və digər bölmələr daxildir. Gözdən əlillərə informasiya texnologiyalarından istifadə qaydaları da öyrədilir.Gələcəkdə Heydər Əliyev Fondu mərkəzi xüsusi avadanlıqla təmin edəcək və buraya Brayl əlifbası ilə tərtib olunan nəşrlər göndərəcək.


Leyla Əliyeva mərkəzin həyətində ağac əkdi, uşaqları Azərbaycan şirniyyatlarına qonaq etdi, onlarla söhbətləşdi.


Sarayevoya səfəri çərçivəsində Leyla Əliyeva Dostluq parkında oldu və burada Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdi.


FOTO

Paylaş: