Oktyabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hacıqabulda inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə verilib.
Şəhərin İsmət Qayıbov küçəsində yerləşən bağçanın təməli ötən ilin martında qoyulub. İkimərtəbəli bağça binası 20 otaqdan ibarətdir və burada balacaların tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Təhsil ocağında dörd qrupun fəaliyyət göstərməsi nəzərdə tutulub və hər qrupun özünün məşğələ, oyun, kompyuter, yataq otaqları və yeməkxanası var. Müasir tələblər səviyyəsində inşa edilən bağça ayrıca havalandırma, isitmə və soyutma sisteminə malikdir, yeni avadanlıq və inventarla təchiz edilib.
Məktəbəqədər təhsil müəssisəsinin ərazisi də abadlaşdırılıb, balacaların əylənmələri üçün müxtəlif qurğular quraşdırılıb.