Dekabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Məmmədli kəndində 10 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası istifadəyə verilib.
İkimərtəbəli bina 120 yerlikdir. Buranın balaca sakinlərinin təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün müasir inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana inşa olunub. Binanın foyesində ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin uşaqlara qayğısını əks etdirən fotoguşələr yaradılıb.
Açılış mərasiminə qatılan balacalar öz sevinclərini bir-birindən gözəl şeirlər, rəngarəng musiqi nömrələri, rəqslərlə ifadə ediblər.