002.JPG
17 noyabr 2011

Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş orta məktəbin açılışında iştirak edib

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.


Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.


Məlumat verildi ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.


Bildirildi ki, məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılmışdır. Bunun üçün ayrılmış bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunmuşdur.


Dördmərtəbəli təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.


Qeyd edildi ki, məktəbin 20 sinif otağında, iki laboratoriyasında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılmışdır. Sinif otaqları müasir avadanlıq və ləvazimatla təmin olunmuşdur.


Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, təhsil ocağının idman zalı yüksək standartlara cavab verir. Buradakı 200 nəfərlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. İnformatika otağı tam kompyuterləşdirilmiş, sürətli internetlə təmin olunmuşdur. Məktəbin ikinci mərtəbəsindəki kitabxanada beş mindən artıq ədəbiyyat toplanmışdır.


Təhsil ocağının həyətində futbol meydançası da yaradılmış, abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır.


Dövlətimizin başçısı məktəbin açılışı münasibətilə kollektivi təbrik etdi, uğurlar arzuladı.



FOTO