005.JPG
14 fevral 2019

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar.

 

Məlumat verilib ki, burada sonuncu dəfə 1988-ci ildə cari təmir işləri aparılıb və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyacı var. 1965-ci ildən istismarda olan məktəbdə tədris Azərbaycan və rus bölmələrində aparılır. 39 sinifdən 28-i Azərbaycan, 11-i isə rus bölməsinə aiddir. 640 yerlik məktəbdə hazırda 795 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 61 məzun bitirib və onlardan 20-si Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb.

 

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək.

 

Şagirdlərlə söhbət edən Mehriban Əliyeva dedi:

 

- Sizə uğurlar arzulayıram. Gələn dəfə sizinlə yeni məktəbdə görüşəcəyik. Sizin üçün burada ən yaxşı şərait yaradılacaq. Əsas odur ki, siz yaxşı oxuyun, bilikli, güclü, vətənpərvər olun. Məktəbinizdə hər cür şərait olacaq. Sizə uğurlar, cansağlığı arzulayıram, sağ olun.

 

Şagird: Biz Sizi görməyimizə çox şadıq.

 

Mehriban Əliyeva: Sağ ol, əziz balam. Mən də sizi görməyimə çox şadam. Çox sevinirəm ki, belə gözəl balalarımız var.

 

Şagird: Arzu edirəm ki, nankor ermənilərin tapdağı altında olan torpaqlarımız tezliklə azad edilsin və belə gözəl məktəblər həmin rayonlarda da tikilsin.

 

Mehriban Əliyeva: Əhsən, inşallah.

 

Mehriban Əliyeva məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verib.


FOTO

VİDEO