009.JPG
14 fevral 2019

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər.

 

Məlumat verilib ki, hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpus inşa olunur. Qeyd edilib ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.

 

Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış olub, müəssisənin azyaşlı sakinləri ilə görüşüb. Balacalarla səmimi söhbət edib, onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıb.

 

Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşüblər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar.

 

Uşaqları böyük maraqla dinləyən Mehriban Əliyeva onlara yaxşı oxumağı tövsiyə etdi, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğulayaraq dedi:

 

- Çox sağ olun, uşaqlar. Çox sağ olun ki, məni belə gözəl rəqslə qarşıladınız. Çox gözəl oynayırsınız.

 

Uşaq evinin direktoru Nazilə İsmayılova: Siz sağ olun, Mehriban xanım. Uşaqların adından Sizə təşəkkür edirik. Hər zaman Sizin isti qəlbinizin məhəbbətini hiss edirik. O qəlbin istiliyini hiss edirik ki, bu uşaqlar 2017-ci ildə Sizin təşəbbüsünüzlə 10 gün Moskva şəhərində olublar, istirahət ediblər, yeni dostlar tapıblar. Minnətdarıq, var olun, Allah Sizi, möhtərəm Prezidentimizi, ailənizi qorusun. Hər zaman dualarımız Sizinlədir.

 

Mehriban Əliyeva: Çox sağ olun. Bizim bu gözəl balalarımıza öz sevgimi çatdırıram. Bilin ki, siz bizim ölkəmizin gələcəyisiniz, siz mənim üçün çox əzizsiniz. Sizin indi əsas vəzifəniz ondan ibarətdir ki, yaxşı oxuyasınız, bilikli, savadlı olasınız. Çünki Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Mən də hər zaman Sizin yanınızdayam.

 

Nazilə İsmayılova: İnşallah. Çox sağ olun, Mehriban xanım, təşəkkür edirəm.

 

Qeyd edək ki, bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.

 

Sonda xatirə şəkli çəkdirilib.


FOTO

VİDEO