001.JPG
14 fevral 2019

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkib

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.

 

Məlumat verilib ki, 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşaq təlim-tərbiyə alır. Uşaqların sağlam, bilikli, bacarıqlı və vətənpərvər ruhda böyümələri üçün 20 nəfərlik heyət çalışır. Aparılan təlim-tədris prosesi uşaqların ətraf aləmlə tanışlığını gerçəkləşdirmək, ibtidai təhsilə dəstək üçün ilkin bilgilər vermək, ünsiyyət qaydalarını öyrətmək, fiziki və zehni sağlamlığını qorumaq məqsədi daşıyır.

 

Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb.

 

Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.

 

Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.


FOTO

VİDEO