12.1.JPG
28 mart 2022

Qaxda Heydər Əliyev Fondu tərəfindən inşa edilən mədəniyyət evi istifadəyə verilib

Martın 28-də Heydər Əliyev Fondunun Qax rayonunun Qaxingiloy kəndində inşa etdiyi mədəniyyət evi istifadəyə verilib.


Qaxingiloy kənd Mədəniyyət evi 1965-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin binası uzun illər istismarda olduğundan son dövrlər yararsız vəziyyətə düşmüşdü. 2020-ci ilin martında bina tamamilə sökülərək yerində yeni bina inşa olunub. Mədəniyyət evi zəruri mebel və avadanlıqla təchiz edilib, həyətində abadlıq işləri aparılıb.


Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov rayon sakinlərini, mədəniyyət evinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: “Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin təhsil, mədəniyyət, idman və digər sahələrində müxtəlif layihələr həyata keçirir. Belə bir mədəniyyət evinin istifadəyə verilməsi də bu layihələrin real nəticəsini göstərir. Burada gənclərin, kənd sakinlərinin asudə vaxtlarının, mədəni istirahətlərinin səmərəli təşkili üçün müxtəlif layihələr həyata keçiriləcək. Ümid edirik ki, mədəniyyət evi həm kəndin, eyni zamanda, rayonun ictimai və mədəni həyatına öz töhfəsini verəcək”.


Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Heydər Əliyev Fondu tərəfindən rayonda həyata keçirilən layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Fondun təşəbbüsü ilə indiyədək Qax rayonunda 240 şagird yerlik iki məktəb binası, 100 yerlik iki uşaq bağçası, Lələpaşa və Tasmalı kəndlərində aztəminatlı ailələr üçün iki fərdi yaşayış evi tikilib istifadəyə verilib, Vətən müharibəsi şəhidinin ailəsinin evi təmir olunub. Qeyd edilib ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. “Yeni istifadəyə verilən mədəniyyət evi bütövlükdə ölkəmizdə aparılan multikulturalizm və tolerantlığın qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasətin yerlərdə həyata keçirilməsinin bariz nümunəsidir”, - deyə M.Şəkiliyev vurğulayıb.


Tədbirdə Qaxingiloy kənd Mədəniyyət evinin direktoru İaqo Kasiaşvili və kənd sakini Zaira Kuloşvili çıxış edərək, Azərbaycanda azsaylı xalqların milli mədəniyyətlərinin, adət-ənənələrinin qorunmasına və inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sakinlər adından minnətdarlıqlarını bildiriblər.


Mədəniyyət evində geniş tamaşaçı zalı, səhnə, incəsənət növləri üzrə məşğələlərin təşkili üçün rəssam və heykəltaraşlıq, həmçinin ansambl, musiqi və ədəbiyyat dərnəkləri üçün otaqlar var. Binanın ikinci mərtəbəsində qonaq və qrim otaqları yerləşir.


Mədəniyyət ocağında 1982-ci ildən “Şvitkatso” Gürcü Xalq Xoru və 1991-ci ildən “İmedi” rəqs kollektivi fəaliyyət göstərir. Hər iki kollektiv istər ümumrayon, istərsə də respublika səviyyəli, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdə, festivallarda uğurla çıxış edərək diplom və fəxri fərmanlara layiq görülüb. “Şvitkatso” Gürcü Xalq Xoru 2021-ci ilin mayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Qax rayonunu uğurla təmsil edib.


Tədbirin sonunda mədəniyyət evinin “İmedi” rəqs qrupu çıxış edib.


FOTO

Paylaş: