5.JPG
9 iyul 2022

262 saylı tam orta məktəbdə yenidən qurulan futbol, basketbol və voleybol meydançaları istifadəyə verilib

İyulun 9-da Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdə Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində yenidən qurulmuş futbol, basketbol və voleybol meydançaları şagirdlərin istifadəsinə verilib.

 

Layihə çərçivəsində açıq havada yerləşən futbol, basketbol və voleybol meydançaları tam təmir olunub, süni ot örtüyü salınıb, müvafiq avadanlıq və qurğular yerləşdirilib.

 

Milli Məclisin deputatı Soltan Məmmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına xidmət edən ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb, Heydər Əliyev Fondunun dövlət siyasətinə dəstək olaraq təhsil sahəsində reallaşdırdığı layihələrinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə yüzlərlə məktəb tikilib və məktəblər əsaslı təmir olunub. Fondun Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xəzər rayonunda təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələrin rellaşdırıldığı diqqətə çatdırılıb.

 

Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Azərbaycanla Çin arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O, iki ölkənin dövlət başçıların diqqəti nəticəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini, xalqlararası və mədəniyyətlərarası əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb. Səfir bu cür layihələrin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib. Bildirib ki, Azərbaycanda təhsilin inkişafına dəstək, gənclərin və azyaşlıların idmana marağının artırılması səfirliyin diqqət göstərdiyi əsas istiqamətlərdir.


FOTO