02.jpg
18 aprel 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonunda yeni inşa olunan məktəbin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.

 

Dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verildi.

 

Bildirildi ki, məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilib.

 

Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

 

Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

 

Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb.


FOTO

VİDEO