04.jpg
16 sentyabr 2023

Salyan rayonunun Şorsulu kəndində yeni məktəb binası istifadəyə verilib

Salyan rayonunun Şorsulu kəndində bir əsrə yaxın yaşı olan Namiq İbrahimov adına təhsil ocağı üçün Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məktəb binası istifadəyə verilib.

 

Məktəbin açılış tədbirində Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar.

 

Qeyd edilib ki, Salyan rayonunun Şorsulu kəndində 1926-cı ildə inşa olunmuş N.İbrahimov adına tam orta məktəb istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni təhsil ocağının inşasına ehtiyac yaranmışdı. Heydər Əliyev Fondunun təhsil istiqamətindəki layihələrindən biri də Salyan rayonunun Şorsulu kəndini əhatə edib. Yeni məktəbin tikintisini üzərinə götürən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində 2023-2024-cü tədris ili üçün 300 şagird yerlik yeni məktəb istifadəyə verilib.

 

İkimərtəbəli məktəb üç korpusdan ibarətdir. Təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var.

 

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar, əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Çıxışlardan sonra məktəblilərin ifasında şeirlər səsləndirilib, milli musiqi sədaları altında rəqslər izlənilib. Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub.


FOTO