1.jpg
16 sentyabr 2023

Heydər Əliyev Fondu Qax şəhərində V.Əliyev adına 3 nömrəli məktəbi istifadəyə verib

Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr həyata keçirməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir.

 

Qax şəhərindəki V.Əliyev adına 3 nömrəli tam orta məktəb 1950-ci ildə inşa olunduğundan istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun bu ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər artıq yekunlaşıb və təhsil ocağı yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib.

 

Məktəbin açılışı münasibətilə keçirilən tədbirdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, məktəbin müəllim və şagird kollektivi, sakinlər iştirak ediblər.

 

Üçmərtəbəli və üç korpusdan ibarət olan məktəb binası 320 şagird yerlikdir. Məktəbdə yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Təhsil müəssisəsində açıq idman meydançası da qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə məktəbin direktoru Leyla Rzayeva təhsil ocağının fəaliyyəti, ötən tədris ilində qazandığı uğurlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu tədris ilində məktəbdə 250 şagird təhsil alacaq. İndiyədək tədrisi rus dilində olan məktəbdə bu ildən Azərbaycan bölməsi də fəaliyyət göstərir. Ötən tədris ilində məktəbi bitirmiş 20 məzundan 16-sı ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 13 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Direktor kollektivə belə bir gözəl məktəb binası hədiyyə etdiklərinə görə müəllim və şagirdlər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

 

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, məktəbin kollektivinə yeni dərs ilində uğurlar arzulayıb. Bildirilib ki, son illər rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən indiyədək Qax rayonunda yeni açılan bu məktəb də daxil olmaqla, 3 məktəb binası və 2 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib.

 

Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov və Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin sektor müdiri İlahə Rəsulova çıxış edərək, məktəbin kollektivini, rayonun təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər. Çıxış edənlər təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirildiyini diqqətə çatdırıb, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs ediblər. Bildirilib ki, təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Paytaxtla yanaşı, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir. Diqqətə çatdırılıb ki, Bilik Günü ərəfəsində təkcə Heydər Əliyev Fondu tərəfindən respublikamızın müxtəlif şəhər və rayonlarında 19 məktəb və 3 uşaq bağçası tikilib.

 

Məktəbin adını daşıyan şəhidin qardaşı Elxan Əliyev çıxış edərək məktəb üçün yeni binanın tikintisində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.

 

Məktəb üçün müasir tələblərə cavab verən, hər cür şəraiti olan yeni binanın tikilməsi şagirdlərin, müəllim və valideynlərin də böyük sevincinə səbəb olub. Sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən məktəbin rus dili və ədəbiyyat müəllimi Züleyxa Bayramova deyib: “Bu gün bizim həyatımızda çox sevincli gündür. Otuz beş ildir ki, bu məktəbdə çalışıram. İnanın ki, bu gün sevincimin həddi-hüdudu yoxdur. Hamımız yeni məktəbin istifadəyə veriləcəyi günü böyük səbirsizliklə gözləyirdik. Uzun illər çətin şəraitdə işləmişik. Lakin bütün çətinliklərə baxmayaraq, şagirdlərimizi elmli, bilikli, Vətənə layiq gənclər kimi yetişdirmək üçün var qüvvəmizlə çalışırdıq. Bu məktəb Prezidentimiz İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın təhsilə qayğısının bariz nümunəsidir. Bu məktəb Heydər Əliyev Fondunun yeni dərs ilinin başlanğıcında kollektivimizə çox dəyərli bayram hədiyyəsidir. Biz bu qayğıya əməli işimizlə cavab verəcəyimizə, bizə göstərilən etimadı layiqincə doğruldacağımıza söz veririk”.

 

Valideyn Ceyhunə Bəbişova isə sevinc hisslərini belə ifadə edib: “Mən özüm də vaxtilə bu məktəbdə təhsil almışam. Hazırda iki övladım bu məktəbdə oxuyur. Gəldik, məktəbimizlə tanış olduq, çox sevindik. Şadam ki, övladlarım bundan sonra belə yaraşıqlı binada təhsillərini davam etdirəcəklər. Uşaqlarımızın təhsilinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.


FOTO